Dünya Səhiyyə Təşkilatının (DST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı Qobustan Milli Tarix-Bədii Qoruğunda olub.

Qoruq ərazisində yaradılmış muzeyin ekspozisiyasında nümayiş etdirilən eksponatlara baxan qonağa Qobustan qayaüstü abidələri, burada aparılan arxeoloji tədqiqat işləri nəticəsində əldə olunmuş maddi mədəniyyət nümunələri barədə məlumat verilib. Bəşər sivilizasiyasının ilkin izlərini özündə əks etdirən Qobustan abidələrinin 2007-ci ildə UNESCO-nun Dünya irs siyahısına daxil edildiyi qonağın diqqətinə çatdırılıb.

Hande Harmancı qoruq ərazisində aparılmış tədqiqat işləri ilə də maraqlanıb, qayaüstü rəsmlərə baxıb. Qədim tarixin daş yaddaşı olan abidələrə heyranlığını ifadə edən qonaq Qobustan Milli Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıb.