Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi 28 May – Respublika Günü münasibətilə videokonfrans keçirib.

Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev xalqımızın şərəfli tarixindən danışaraq deyib ki, Azərbaycan xalqı müsəlman Şərqində ilk demokratik dövlət qurması ilə fəxr edə bilər. Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik ictimai-siyasi və mədəni inkişafının, milli oyanış və dirçəliş proseslərinin həyata keçirilməsi zərurətindən yaranan tarixi hadisə idi.

Vurğulanıb ki, Cümhuriyyət zamanında əsası qoyulan müstəqillik, dövlətçilik ənənələri XX əsrin sonlarında Azərbaycanın müstəqilliyinin bərpası ilə davam etdirildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq, milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqilliyimiz möhkəmləndi,  əbədi və dönməz oldu.

Videokonfransda aktyorlar vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.