Dünya ölkələri 11 martdan elan edilən koronavirus (COVİD-19) pandemiyasına fərqli vaxt və vəziyyətdə daxil olduqları kimi, karantin və sosial təcrid rejimindən də müxtəlif zaman və şərtlərlə çıxmağa başlayıblar.

Türkiyədə karantindən çıxış və normallaşma prosesinin ikinci mərhələsinə mayın 28-də start verilib, iyunun 1-dən etibarən bir sıra məhdudiyyətlər aradan qaldırılır. Şəhərlərarası səyahət məhdudiyyətlərinə son qoyulur, ölkə daxilində dəmiryolu səfərləri və aviareyslər başlanır. Turizm məqsədli gəmi səyahətlərinə icazə veriləcək. Kitabxanalar müəyyən şərtlər daxilində açılacaq. Açıq hava konsertləri bəlli şərtlərlə keçiriləcək. Bununla yanaşı, böyük şəhərlərdə həftəsonu hərəkət məhdudiyyətləri tətbiq ediləcək.

Türkiyəyə xaricdən turist səfərləri konkret ölkələrlə sərhəd və gediş-gəlişin açılmasından sonra başlayacaq. Lakin turizm sektorunun bu il ciddi zərərə uğrayacağı indidən bəllidir. Ölkənin ən çox turist qəbul etdiyi Rusiya ilə aviareyslər ən yaxşı halda iyul ayında bərpa oluna bilər. Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy bu il Rusiyadan 3 milyona yaxın turist gözlədiklərini deyib, bu isə ötən illə müqayisədə 40 faiz azalma deməkdir.

Türkiyənin qonşusu – büdcəsinin önəmli hissəsini turizm hesabına təmin edən Yunanıstan iyunun 15-dən başlayaraq turistlər üçün sərhədlərini açacaq. Bu tarixdən 30-dək ölkədən səyahət həvəskarları Yunanıstana gələ bilər. Ay ərzində ölkə siyahısı genişlənə bilər. Turistləri Afina və Saloniki beynəlxalq hava limanları qəbul edəcək.

Estoniya iyunun 1-dən etibarən Avropa İttifaqı (Aİ) ölkələrindən və Böyük Britaniyadan gələn sərnişinlər üçün sərhədlərini açdığını elan edib. 20-dək ölkənin vətəndaşları Estoniyada 14 günlük karantin keçmədən qala bilərlər. Pandemiyanın daha ağır keçdiyi Böyük Britaniya, İsveç, Belçika, İrlandiya, Portuqaliya, İspaniya vətəndaşları isə Estoniyaya səfər etsələr, 14 gün müddətində karantində qalmalı olacaqlar.

Xorvatiya Avropa İttifaqına üzv olan və karantin rejimindən tədricən çıxmış 10 ölkənin vətəndaşları üçün sərhədlərini açıb. Ölkə sərhədlərində tıxacların yaranmaması üçün xüsusi elektron qeydiyyat sistemi yaradılıb.

Sloveniya isə mayın 31-də bəzi məhdudlaşdırıcı tədbirlərin saxlanılması şərti ilə ölkədə COVİD-19 epidemiyasının rəsmən bitdiyini elan edib. Hökumət, həmçinin əhalinin sıx olduğu yerlərdə, nəqliyyatda, tibb müəssisələrində və qocalar evlərində qoruyucu maska taxmağı tövsiyə edir.

Danimarkanın Baş Naziri Mette Frederiksen 15 iyun tarixindən etibarən Norveç, Almaniya və İslandiya vətəndaşlarının ölkəyə səfər edə biləcəklərini elan edib. Qərara əsasən, pandemiyanın ciddi fəsadlar doğurduğu, amma karantin tətbiq edilməyən qonşu İsveçin vətəndaşları üçün Danimarka sərhədləri hələ bağlı olacaq.

Pandemiyanın ağır zərbə vurduğu İtaliya isə iyunun 15-dək Avropa İttifaqının ümumilikdə xarici sərhədlərinin (Aİ üzvü olmayan ölkələrlə) açılmasına çalışır. Bu barədə İtaliyanın Xarici İşlər naziri Luici Di Mayo bildirib. Qeyd edək ki, Avropa Komissiyasının COVİD-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi qərara əsasən, birliyin xarici sərhədləri iyunun 15-dək bağlı qalacaq.