Beynəlxalq Muğam Mərkəzindəki (BMM)“Qədim musiqi alətləri” ekspozisiyasında yer alan nümunələr haqqında onlayn mühazirələr davam edir. Sosial şəbəkələr vasitəsilə təqdim olunan növbəti mühazirə şahrud alətinə həsr olunub. Mühazirəni Azərbaycan Milli Konservatoriyasının (AMK) “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov təqdim edib.

Rud — qədim simli çalğı alətidir. Ud tipli alətlər qrupuna daxildir. Əsasən saray mədəniyyətinə məxsus olan musiqi alətidir, yaranması XVI əsrə qədər gəlib çatıb. Orta əsr Azərbaycan klassiklərinin əsərlərində təsvir edilib. Şahrud – rudun böyük, bəm biçimi olan alətdir. Uddan iki dəfə böyükdür, 5 cüt simi var, uddan bir oktava bəm səslənir. IX əsrdə yaranan alət XIV əsrdə Ə.Marağayi tərəfindən bərpa olunub. Alət müasir günümüzdə Məmmədəli Məmmədov tərəfindən AMK-nın  elmi-tədqiqat laboratoriyasında təkmilləşdirilib və Beynəlxalq Muğam Mərkəzinin “Qədim musiqi alətləri” ekspozisiyasında yer alır.

“Qədim milli alətlərimiz” silsiləsindən daha bir mühazirə qolça qopuz alətinə həsr edilib.

Məmmədəli Məmmədov bu alət haqqında aparılan tədqiqatlardan danışıb. Qeyd edib ki, mərhum tədqiqatçı alim, professor Məcnun Kərimovun fikrincə, Dədə Qorqudun qolça qopuzu, adından da göründüyü kimi, qolda gəzdirilib. Rəvayətə görə, qolça qopuzu Dədə Qorqud icad edib. Qopuz üçsimli imiş, burada üç sim o dünyanı, yerüstü aləmi və kainatı bildirir. Hər bir alət dövrün tələbinə görə inkişaf edib. IX əsrdə qopuzun qolu uzadılıb, hər simin yanına biri əlavə olunub.

Bugünkü qopuz aləti də dövrün tələbinə görə təkmilləşdirilib və BMM-in “Qədim milli musiqi alətləri” ekspozisiyasında nümayiş olunur.