“Həftəsonu karantinin nəticəsini ən azı 10 gün sonra görəcəyimizə ümid edirik”

Xəbər verildiyi kimi, yeni növ koronavirus (COVİD-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.

Bu, iyunun əvvəlindən atılan ikinci belə addımdır. Bundan öncə 6-7 iyun tarixində Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərləri və Abşeron rayonunda sərt karantin tətbiq edilmişdi.  Bu dəfə “narıncı” elan edilən bu 5 şəhər və rayonun sırasına daha 4-ü əlavə olunub. 

Bununla belə, xüsusi karantin rejiminin kifayət qədər yumlaşdılması və həftəiçi bütün idarə və müəssisələrin, iaşə, ticarət obyektlərinin işləməsi və bunun doğurduğu kütləvi ünsiyyətin, nəticə etibarilə virusa yoluxma hallarının artması ilə həftəsonu sərt karantinin (evdən çıxmağa qadağa) bir-birini necə tamamlayacağı geniş diskussiya mövzusudur. Hər halda əksər mütəxəssislər, ayrı-ayrı ölkələrdə bu cür (həftəiçi-həftəsonu) rejim əvəzlənməsi təcrübəsini də əsas gətirərək bunun effekt verəcəyini bildirirlər.

Son həftələr Azərbaycanda koronavirusa yoluxanların sayı gündəlik olaraq sürətlə artır.

Virus səbəbindən ölənlərin sayında da gündəlik artım tendensiyası müşahidə olunur.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 11-də keçirdiyi brifinqdə deyib. O bildirib ki, ölkədə sanitar-epidemioloji vəziyyət ciddi şəkildə pisləşib. Bu da karantin rejimi qaydalarının yumşaldılmasından sonra baş verib: “Hər gün koronavirusa yoluxma sayları ictimaiyyətə elan olunur. Həftəsonu sərtləşmə qonşu ölkələrdəki praktikaya əsaslanır”.

Şöbə müdiri qeyd edib ki, Türkiyədə həftəsonu sərtləşmə təcrübəsi araşdırılıb: “Orada bunun nəticələri 10 faiz azalma ilə özünü göstərir. Amma bu, 1-2 gün daxilində özünü göstərə bilməz. Bu xəstəliyin 14 günlük inkubasiya dövrü var. Həftəsonu karantinin nəticəsini ən azı 10 gün sonra görəcəyimizə ümid edirik”.

Onun sözlərinə görə, bölgələr arasında gediş-gəliş bölgələrin klastrlara ayrılması ilə əlaqəlidir. Bu həftəsonu üçün karantin elan olunanda narıncı bölgələrə artıq bir neçə rayon da daxil edilib: “O ərazilərdə də gediş-gəliş olmayacaq. Bu, karantin qaydaları ilə əlaqədardır”.

Əlavə edək ki, 6-7 iyun karantinindən fərqli olaraq, bu dəfə qeyd olunan tarixlərdə (14-15 iyun) sərtləşdirilmiş karantin rejiminin tətbiq edildiyi 9 şəhər və rayonda ünvana çatdırılma xidməti göstərməklə apteklərin fəaliyyətinə icazə verilib. Fəaliyyət göstərəcək apteklərin qeyd olunan tarixlərdə işləyəcək əməkdaşlarının və onların avtomobillərinin hərəkətinə işəgötürən tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə icaze.e-gov.az portalına daxil edildikdən sonra yol veriləcək. Qeydiyyat bitdikdən sonra sərtləşdirilmiş karantin günlərində fəaliyyət göstərəcək apteklərin ünvanları, iş saatı və evə çatdırılma xidmətindən istifadə üçün telefon nömrələri barədə məlumat www.koronavirusinfo.az saytında yerləşdiriləcək.