Pandemiya ilə əlaqədar vəziyyət bizi məcbur edir ki, təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq. Baxmayaraq ki, mövcud vəziyyətə özümüzü uyğunlaşdırmaq üçün bizim çox vaxtımız olmadı, lakin müəyyən addımlar atılmışdır. Çünki bizim məktəb və universitetlərimiz mart ayından bəri bağlanıb. Biz sentyabrın 15-dən başlayacaq yeni tədris ilinə hazırlaşmalıyıq. Həmin zaman pandemiya ilə bağlı vəziyyətin necə olacağını bilmirik, məktəb və universitetləri aça biləcəyimizi bilmirik, ona görə də biz ən pis ssenariyə hazırlıqlı olmalıyıq. Əgər problem davam edirsə və getdikcə pisləşirsə, o zaman biz bu barədə düşünməli olacağıq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri iyunun 16-da “Microsoft” şirkətinin təşəbbüsü ilə keçirilən videokonfrans zamanı deyib. Videokonfransda şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde, “Microsoft” şirkətinin digər nümayəndələri, eləcə də Azərbaycanın rəsmiləri iştirak ediblər.

“Microsoft”un vitse-prezidenti diqqətə çatdırıb ki, pandemiyanın yaratdığı bu qeyri-adi zamanda şirkətin təqdim etdiyi texnologiyaların səmərəli şəkildə istifadəsi ilə bağlı bir çox dünya liderləri ilə ünsiyyət saxlamaq imkanı olub və Azərbaycan tərəfi ilə də bu xüsusda fikir mübadiləsi aparmaq istəyirlər. Filip Roq “Microsoft”un evdən işləmə təcrübəsi barədə məlumat verərək bildirib ki, təmsil etdiyi şirkət bir çox ölkələrdə bu cür həll yollarının tətbiqini həyata keçirib. Kibertəhlükəsizlik məsələsinə toxunan Filip Roq qeyd edib ki, pandemiya dövründə kiberhücumların sayı artıb. “Microsoft”un vitse-prezidenti bu cür hücumların qarşısının alınması istiqamətində şirkətin gördüyü işlərdən danışıb. O həmçinin “bulud hesablamaları” barədə də danışaraq onun səmərəsi və əhəmiyyəti haqqında məlumat verib.

Prezident İlham Əliyev bu videokonfransı təşkil etmək təşəbbüsünü müsbət qiymətləndirirək bildirib ki, yaranmış çətinliklərə rəğmən həyat davam edir: “Əlbəttə ki, bu pandemiya bizim ənənəvi həyat tərzimizə ciddi şəkildə müdaxilə edir, bununla belə, biz özümüzü reallığa uyğunlaşdırmalıyıq... Vəziyyət nəzarət altındadır. Eyni zamanda biz nəinki təkcə daxili məsələlərə diqqət yetiririk, həmçinin qlobal miqyasda da fəaliyyət göstəririk. Azərbaycan artıq 29 ölkəyə humanitar yardım göstərib və bu proses davam edir”.

Dövlət başçısı qeyd edib ki, biz əsas diqqəti insanların koronavirusdan qorunmasına yönəltdik və bunun bizim iqtisadi artımımıza çox mənfi təsir göstərəcəyini aydın şəkildə başa düşürük: “Bizim bu il üçün çox böyük perspektivlərimiz var idi və ilin birinci rübü çox ümidverici idi. Lakin indi beş ayın nəticələri ümumi daxili məhsulda kiçik azalmanın – təxminən 1,7 faiz azalmanın olduğunu göstərir. Lakin, eyni zamanda, iqtisadiyyatın bəzi sektorlarında, xüsusilə neft və qazla əlaqəli olmayan sektorlarda artım qeydə alınıb. Bu səbəbdən, bu gün biz məhdudiyyət tədbirlərini uzlaşdırırıq, çünki COVİD-19 hələ də mövcuddur. Eyni zamanda, biz ölkəmizi açmağa və həyatımızın müxtəlif sahələrinin fəaliyyətini bərpa etməyə başlayırıq. Beləliklə, ümidvaram ki, bu balanslaşdırılmış yanaşma bizə, ilk növbədə, pandemiyaya qarşı uğurlu mübarizəni davam etdirməyə kömək edəcək. Eyni zamanda biz özəl sektora, xüsusilə pandemiyadan əziyyət çəkən sahələrə, turizm və onunla əlaqəli sahələrin bərpasına yardım edəcəyik”.

“Microsoft” şirkətinin rəhbər şəxsləri ilə iki il əvvəl Bakıda keçirilən görüşdən sonrakı əməkdaşlıq, eləcə də şirkətin texnologiyalarından istifadə məsələlərinə toxunan dövlət başçısı bildirib ki, on minlərlə lisenziya verilib və bu məsələ hazırda uğurla davam etdirilir. Bizim piratçılığa qarşı birgə səylərimiz yaxşı nəticələr verir: “Gələcək planlarımıza gəlincə, bəlkə də bilirsiniz ki, hazırda biz rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işləyirik. Ümidvarıq ki, bu məsələdə “Microsoft”la yaxşı əməkdaşlıq edə biləcəyik. Bu proqram növbəti 5 il üçün planlaşdırılır. Eyni zamanda, süni intellekt üzrə strategiyanın ətraflı işlənib hazırlanması ilə bağlı məsələlər də bizim gündəliyimizdədir. Kibertəhlükəsizlik hər zaman gündəlikdədir, çünki bu, bütün ölkələrin hazırlıqlı olmalı olduğu məsələdir. İndiyədək bizdə belə böyük hallar olmayıb, lakin heç kim sığortalanmayıb. Ona görə də bu da bizim gələcəyimiz üçün prioritetlər sırasında qalır. Əlbəttə, mən icra olunmuş layihələrin siyahısına baxdım. Aramızdakı əməkdaşlıq çox təsirləndiricidir və əminəm ki, bu, qarşıdakı illərdə tərəfdaşlığımızı gücləndirəcək”.

Filip Roq məmnunluqla bildirib ki, “Microsoft” şirkətinin süni intellekt platforması Azərbaycan dilini də tezliklə dərk edəcək. Vurğulayıb ki, Azərbaycan dilində tərcümə xidmətinin istifadəyə verilməsini səbirsizliklə gözləyir.

Videokonfransda çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə “Microsfot”la bir çox sahələrdə, xüsusilə açıq açar infrastrukturu ilə mübarizə, kibertəhlükəsizlik, informasiya texnologiyalarının təhsildə tətbiqi və internet əşyalar texnologiyası və kadrların təlimi kimi sahələrdə sıx əməkdaşlıq edildiyini deyib.

Prezidentin köməkçisi Şahmar Mövsümov isə Azərbaycanın innovasiya strategiyasının hazırlanmasında “Microsoft” şirkəti ilə əməkdaşlıq edildiyini diqqətə çatdırıb. “Hesab edirik ki, Azərbaycanın regionumuzda innovasiyaların mərkəzi olmaq üçün “Silikon vadisi” kimi “Abşeron vadisi”ni yaratmaq məqsədilə böyük potensialı var. Bu məsələdə biz “Microsoft” şirkətinin fəal iştirakını yüksək qiymətləndiririk”, – deyə o vurğulayıb.

Prezident İlham Əliyev sonda görüşün təşkilinə görə “Microsoft” şirkətinə bir daha təşəkkür edərək bildirib ki, Azərbaycan artıq sənaye inqilabı üzrə regional mərkəzə çevrilir: “Bu dəfə Davos İqtisadi Forumu zamanı cənab Borge Brende və mən Davosun Dördüncü Sənaye İnqilabı üzrə Regional Mərkəzinin Bakıda yaradılması ilə bağlı sənədi imzaladıq. Beləliklə, bu mərkəz nəinki təkcə Azərbaycanı, region ölkələrini də əhatə edəcək. Buna görə düşünürəm ki, bizim üçün daha da irəliləmək və sizinlə innovasiya mərkəzi üzərində çalışmaq təbii olardı. Bizim əsas strategiyamız, sizin də bildiyiniz kimi, karbohidrogen ehtiyatlarından asılılığı azaltmaq və innovasiyalar, yeni texnologiyalar və müasir idarəçilik əsasında dayanıqlı inkişafa nail olmaqdır. Buna görə düşünürəm ki, bu məsələ üzərində birgə çalışmağımız əməkdaşlığımızı gücləndirə bilər”.