Azərbaycan dili normalarına riayət edilməsi ilə bağlı mühüm dəyişikliklər qüvvəyə minib

Azərbaycanda dövlət dilinin işlənməsi və  dövlət dili normalarına riayət edilməsi ilə bağlı müvafiq qanunvericilik aktlarına edilən bir sıra mühüm dəyişikliklər qüvvəyə minib. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənib və iyunun 23-də rəsmi mətbuatda (AZƏRTAC) dərc olunub.

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə dövlət dili normalarına riayət edilməsi barədə müddəa əlavə edilib.

“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib: “Kütləvi informasiya vasitələrində dövlət dili normalarına riayət edilməlidir.”.

Həmçinin “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət dili normalarına riayət edilməsi ilə bağlı müddəa əksini tapıb. Qanuna aşağıdakı redaksiyada 32-1-ci maddə əlavə edilib: “Teleradio yayımı sahəsində dövlət dilindən istifadənin və dövlət dili normalarına riayət edilmənin təmin olunması ilə bağlı qaydaları müvafiq dövlət orqanı müəyyənləşdirir”. Qanuna əlavə edilən daha iki maddə teleradio yayımı zamanı reklamda “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına və proqramlarda (verilişlərdə) dövlət dilindən istifadə və dövlət dili normalarına riayət edilməsi barədədir.

“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsi aşağıdakı redaksiyada yenilənib: “Dövlət dilinin normaları özündə Azərbaycan ədəbi dilinin orfoqrafiya və orfoepiya normalarını ehtiva edir. Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Hüquqi, fiziki və vəzifəli şəxslər bu normalara əməl etməlidirlər.”.

Prezident İlham Əliyev tərəfindən təsdiq edilən və iyunun 23-də dərc edilən “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda isə kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə cərimələr müəyyənləşib. Qanuna əsasən, kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.

Həmçinin teleradio yayımlarında və digər kütləvi informasiya vasitələrində dövlət dili normalarının pozulmasına görə inzibati xətalar haqqında protokol tərtib edilməsi ilə bağlı müvafiq qanunvericilik aktlarına dəyişikliklər qüvvəyə minib.

Teleradio yayımlarında dövlət dili normalarının pozulmasına görə inzibati xəta haqqında işlər üzrə protokol Milli Televiziya və Radio Şurasının sədri və məsul şəxsləri, digər kütləvi informasiya vasitələrinə münasibətdə inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Mətbuat Şurası adından Şuranın sədri, onun müavini tərəfindən tərtib ediləcək.

Qanunvericilikdə qeyd olunan mühüm dəyişikliklər Azərbaycan dilinin işlənməsi və istifadəsinə dövlət səviyyəsində diqqətin artırılması ilə yanaşı, həm də dövlət dili normalarına riayət edilməsi üçün təsirli tədbirlər görülməsi ilə bağlı xeyli vaxtdan bəri aktual olan ictimai sifarişin reallaşmasıdır. Dövlət dili həm də xalqın dövlətçilik, suverenlik atributudur və onun qorunması da dövlətin təsirli qərarları ilə təmin edilməlidir.

Yeri gəlmişkən, bu mühüm dəyişikliklər barədə qanunların qüvvəyə minməsi həm də dövlət dilimizlə bağlı tarixi bir qərarın ildönümünə təsadüf edir. 102 il bundan əvvəl, 27 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti “Dövlət dili haqqında” qərar qəbul edib. Azərbaycan dili Cümhuriyyət ərazisində dövlət dili elan olunub...