Pandemiyadan sonra dünya: elm, təhsil, mədəniyyət

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İCESCO) milli komissiyalarının iştirakı ilə “COVİD-19-dan sonra dünya: elm, təhsil, mədəniyyət sahələrində prioritetlər və prosedurlar” mövzusunda virtual iclas keçirilib.

Təşkilatın baş direktoru Malik əl-Salimin sədrliyi ilə keçirilən iclasa 56 üzv ölkədəki milli komissiyalar, o cümlədən İCESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə, BMT-nin sülh elçisi, professor Rəşid Yazami, ekspertlər iştirak ediblər.

İclasda təşkilata üzv ölkələrin postpandemiya dövründə elm, təhsil və mədəniyyət sahələrində həyata keçirəcəkləri tədbirlər, texnoloji vasitələrdən, xüsusən süni intellektdən istifadə, əməkdaşlıq məsələləri müzakirə olunub.

İCESCO-nun baş direktoru əmin olduğunu bildirib ki, milli komissiyalar yeni layihələrin hazırlanması və reallaşdırılmasında aparıcı rol oynayacaq. Onun sözlərinə görə, bu məqsədlə milli komissiyaların fəaliyyətinin tənzimlənməsinə dair nizamnamə hazırlanır və artıq üzv ölkələrlə 30 müqavilə imzalanıb.

Qeyd edək ki, İCESCO koronavirus pandemiyası ilə mübarizə proqramı çərçivəsində bir sıra təşviq layihələri həyata keçirir.

Dünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı səyləri birləşdirmək çağırışına cavab olaraq, İCESCO COVİD-19 ilə mübarizəyə dair mükafat elan edib. 200 min ABŞ dolları məbləğində nəzərdə tutulan mükafatın təsis edilməsində məqsəd bəşəriyyəti bürüyən qlobal sağlamlıq böhranı fonunda effektiv və davamlı həllər tapmaq üçün tibbi və elmi araşdırmaların stimullaşdırılmasıdır.

“İCESCO rəqəmsal ev” təşəbbüsü isə distant fəaliyyət layihələrini əhatə edir.  Bu çərçivədə qısametrajlı film müsabiqəsi elan olunub.  Mükafat ən yaxşı 3 qısametrajlı filmə (müvafiq olaraq 8, 6 və 4 min dollar məbləğində) veriləcək.

Mükafat gəncləri bədii yaradıcılığa həvəsləndirmək, onların bədii və sənədli filmlər istehsal etmək istedadlarını üzə çıxarmaq və sülh mədəniyyətini yaymaq məqsədi daşıyır. Bu layihə həmçinin film istehsalını təşviq etməyə, İCESCO-nun Qısametrajlı Filmlər Fondunu qurmaq, “həyat iqtisadiyyatı” və gələcək iş formaları, yaradıcılıq, istehsalat və iş yerlərinə dair gələcək təxminləri formalaşdırmağa xidmət edir.

Müsabiqədə iştirak üçün təqdim olunan qısametrajlı filmin xronometrajı 4 dəqiqədən çox olmamalı, əvvəllər hər hansı başqa bir müsabiqəyə təqdim edilməməli, bəşəri, dini və ya milli dəyərlərə xələl gətirməməli, İCESCO-nun üç rəsmi dilindən (ərəb, ingilis və fransız) birində subtitr yazısı ilə verilməlidir.