“Bundan sonra sənə zaval yoxdu”

Göyçə mahalı Azərbaycan aşıq sənətinə görkəmli sənətkarlar bəxş edib. Bu tarixi yurdumuzdan pərvazlanan sənətkarlardan biri də şaqraq, məlahətli səsi ilə tanınan, ifaçılıq məharəti ölkəmizin hüdudlarını aşan Aşıq Niftalı olub.

Niftalı Kərbəlayı İsmayıl oğlu Süleymanov 1911-ci ildə Azərbaycanın sazlı-sözlü yurdu Göyçə mahalının Ardanış kəndində dünyaya göz açıb. Atası onu ilk olaraq molla məktəbinə qoyur. O, burada ərəb və fars dillərini öyrənir. Mənbələrdə qeyd edilir ki, Kərbəlayı İsmayıl aşıq olmasa da, sənətə rəğbət bəsləyib.

Niftalı kiçik yaşlarından aşıq sənətinə maraq göstərir. El şənliklərində aşıqların ifalarını yaxından izləyir. Atası oğlunun bu həvəsini görüb onu qızılvəngli Aşıq Quluya şəyird verir. Aşıq Qulu həmin dövrdə el-obada seçilən tanınmış sənətkarlardan idi. El arasında dolaşan rəvayətdə deyilir ki, bir gün kəndə öküz alan gəlir. Kərbəlayı İsmayıl soruşur ki, a bala, sən kimsən, hansı tərəflərdənsən? Kişi cavab verir ki, bəs qızılvəngli Aşıq Quluyam. Öküz almağa gəlmişəm.

Kərbəlayı İsmayıl deyir, sənə iki öküz versəm, oğlumu şəyird götürərsənmi? O da razılaşır. Niftalı beş il Aşıq Qulunun yanında şəyirdlik edir. Fitri istedadı, ifaçılıq qabiliyyəti və güclü hafizəsi sayəsində tezliklə saz-söz sənətinin sirlərinə vaqif olur. Gənc Niftalı Göycə elində tanınır və sevilir.

Sənətkar haqqında başqa bir rəvayətdə deyilir: “Aşıq Niftalı bir gün kənddə təmtəraqlı bir toyda olur. Lakin o, bərk xəstələnir və yorğan-döşəyə düşür. Toyun şən və qızğın vaxtı Aşıq Qulu Niftalının yanına gəlir. Bildirir ki, bəs toy yaxşı getmir. Bəlkə ayağa qalxasan. Niftalı birtəhər paltarını dəyişir, sazı götürüb məclisə gəlir. Məclis təzədən başlayır. Aşıq Qulu sevindiyindən bilmir nə etsin. Oturduğu yerdən qalxır və Aşıq Niftalının üzünə bir şillə vurur. O, bu hadisəni xeyli vaxt unutmur. Günlərin bir günü soruşur, a Qulu əmi, məni niyə vurdun? Axı mən pis oxumadım. Deyir, a bala, bu, ustad şilləsidi. Bunu hər adama vurmurlar. Sən ki bu toyu belə başa çatdırdın, bundan sonra sənə zaval yoxdu. Harda bir ağır məclis olsa, gedərsən”.

Aşıq Niftalının şaqraq səsinin, gur zənguləsinin səsi-sorağı tezliklə Göyçə hüdudlarını aşaraq Tovuz, Gədəbəy, Qazax, Borçalı ellərinə çatır. Ustad aşıq daha sonralar hətta Qazaxıstan, Özbəkistan və İrana da dəvət olunur. Getdiyi yerlərdə ağır və yaddaqalan məclislər aparır.

Sənətkar dövrünün tanınmış saz-söz ustadları Aşıq Əsəd, Aşıq İmran, Aşıq Mahmud, həmçinin Aşıq Əkbər, Aşıq Hüseyn Saraclı ilə dostluq edib. O, çox yaxın dost olduğu Aşıq Yunusla maraqlı məclislər yola salıb. Aşıq Niftalı sevilən sənətkar olmaqla yanaşı, həm də sənətdə tanınmış Aşıq Məhəmmədəli, Aşıq Kərim, Aşıq Mikayıl, Aşıq Sultanəli və başqalarının ustadı olub, öz davamçılarını yetişdirib.

Aşıq Niftalının sənətkarlığı haqqında mənbələrdə göstərilir ki, o, əksər saz havacatlarını ustalıqla ifa edib, 24 dastanı mükəmməl söyləyib. “Alıxan və Pəri”, “Əsli və Kərəm”, “Abbas və Gülgəz”, “Qurbani”, “Əmrah”, “Lətif şah”, “Tahir və Zöhrə” və s. dastanlarımız el şənliklərində aşığın ifasında saz-söz həvəskarlarına təqdim olunub. “Aşıq Şenlik” dastanı da ilk dəfə onun ifasında səslənib. Belə ehtimal olunur ki, Aşıq Niftalı bu dastanı Cənubi Azərbaycandan olan aşıqdan öyrənib.

Aşıq Niftalı 1942-ci ildə Böyük Vətən müharibəsinə gedir. 1944-cü ildə ağır döyüşlərin birində yaralanır və ordudan tərxis olunur. Müharibədən qayıdandan sonra bir müddət kənddə ibtidai sinif müəllimi işləyir. Tam sağalandan sonra yenidən aşıqlıq fəaliyyətini davam etdirir.

1949-cu ildə Respublika aşıqlar müsabiqəsinə qatılan sənətkar qalib olur. 1961-ci ildə Azərbaycan aşıqlarının III qurultayında iştirak edir.

Ustad sənətkar 27 sentyabr 1976-cı ildə, yaradıcılığının coşqun çağlarında vəfat edib.

S.FƏRƏCOV