İndoneziyada Bakının qədim tarixi məkanının – İçərişəhərin UNESCO-nun Dünya irs siyahısına daxil edilməsinin 20 illiyinə həsr olunmuş poçt markası buraxılıb.

Poçt markası İçərişəhərin UNESCO siyahısına daxil edilməsinin 20 illiyinin qeyd olunması barədə Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli sərəncamı çərçivəsində Azərbaycanın İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə “İndoneziya Poçt Dövlət Şirkəti” tərəfindən nəşr edilib.

Poçt markasının üzərində “UNESCO-nun Dünya irsi – İçərişəhər – Bakının mirvarisi” (The Old City (İcheri Sheher – The Pearl of Baku. World Heritage Site by UNESCO) yazısı və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun görüntüsü təsvir olunub.

Səfirliklə “İndoneziya Poçt Dövlət Şirkəti” arasında əldə olunmuş razılığa əsasən, həmin marka iyun ayı ərzində ölkənin mərkəzi və regional poçt şöbələrində dövriyyəyə buraxılıb.

Xatırladaq ki, İçərişəhər ölkəmizin UNESCO-nun Dünya irs siyahısına daxil edilmiş ilk tarixi abidəsidir. İçərişəhər Qız qalası və Şirvanşahlar sarayı kompleksi ilə birgə UNESCO-nun 2000-ci ildə keçirilmiş Dünya Mədəni İrs Komitəsinin 24-cü sessiyasında bu siyahıya salınıb.

Azərbaycan Orta əsrlərə aid şəhərsalma mədəniyyətinin misilsiz yadigarı olan bu unikal məkandakı Qız qalası, Şirvanşahlar sarayı kompleksi ilə yanaşı, məscidlər, karvansaralar və digər tarixi abidələr də milli memarlığımızın nümunələridir. Bu tarixi məkan 1977-ci ildə tarix-memarlıq qoruğu statusu alıb, 1985-ci ildə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu yaradılıb. 2000-ci ildən isə İçərişəhər təkcə Azərbaycanın deyil, bütövlükdə bəşəriyyətin mədəni irs xəzinəsinin dəyərinə çevrilib.