Gəncə Dövlət Dram Teatrının yeni binası Nizami yurdunun mədəni mənzərəsinə rəng qatacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncə şəhərinə səfər zamanı bir sıra təsərrüfat, sosial infrastruktur və mədəniyyət obyektlərinin inşası ilə tanış olub, açılışlarda iştirak ediblər.

Gəncə Dövlət Dram Teatrının yeni binasında tikinti işləri artıq tamamlanmaq üzrədir. Dövlətimizin başçısına və birinci xanıma burada aparılan tikinti işləri barədə məlumat verilib.

Bildirilib ki, hazırda teatrda dekorasiya və digər işlərin yerinə yetirilməsi istiqamətində tədbirlər görülür. Binada geniş tamaşaçı tutumlu zal və digər yardımçı otaqlar yerləşəcək.

Qeyd edək ki, 500 tamaşaçı yerlik Gəncə Dövlət Dram Teatrının yeni binasının təməli 2014-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə qoyulub.

Dövlətimizin başçısı teatrın binası ilə tanışlıqdan sonra tövsiyə və tapşırıqlarını verib.

Həmin gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksinin bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak ediblər.

Kompleksdə yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, Gəncənin şəhər kimi inkişafı Şah Abbasın adı ilə bağlıdır. Şəhərin tarixən formalaşmış mərkəzi hissəsi gəncəlilər tərəfindən “Şah Abbas meydanı” adlandırılan bazar meydanı olub. Bu meydan XVII əsrdə böyüklüyünə görə yalnız Təbrizin bazar meydanından geri qalırmış. Ehtimal olunur ki, bazar meydanının ətrafında “Şah Abbas” karvansarası 1663-1664-cü illərdə Gəncə bəylərbəyi olmuş Murtuza Qulu xan Ziyad oğlunun qardaşı oğlu Uğurlu xanın vəsaiti ilə memar Şeyx Bahəddin Məhəmməd Amilinin planı üzrə tikilib və xan nəslinə məxsus olub. Karvansara dövrünün əzəmətli tikililərindən olduğundan Uğurlu xan ona böyük hökmdar Şah Abbasın adını verib.

Eyni dövrdə tikilmiş nisbətən kiçik həcmli karvansara isə əhali arasında “Uğurlu Xan” karvansarası adlandırılıb. XIX əsrin birinci yarısında Rusiya-İran müharibəsindən sonra Azərbaycanın şimal hissəsinin böyük şəhərlərində rus hərbi qarnizonları yerləşdirilib və rus qoşunları tərəfindən bütün xan mülkü kimi karvansaralar da müsadirə edilib. Bu və digər səbəblərdən abidə öz görkəmini itirmişdi. Prezident İlham Əliyevin göstərişinə əsasən, “Şah Abbas” karvansarası əsaslı şəkildə əvvəlki görkəminə uyğun və müasir infrastrukturla təmin edilməklə yenidən bərpa olunub, ətraf ərazi abadlaşdırılıb.

Gəncədə aparılan tikinti, abadlıq-quruculuq işləri çərçivəsində Gəncəçay üzərində beş körpünün bərpası da başa çatdırılıb. Prezident və birinci xanım həmin körpülərdə görülmüş işlərlə tanış olublar.

Dövlət başçısı Gəncədə modul tipli xəstəxana korpusunun açılışı zamanı tibb işçiləri ilə görüşü zamanı şəhərdə aparılan abadlıq-quruculuq  işləri, o cümlədən yeni mədəniyyət ocaqları ilə bağlı fikirlərini də bölüşüb: “Gəncə Dövlət Dram Teatrının binasının tikintisi gedir. Yadımdadır, mənim Gəncəyə səfərlərimin birində Dram Teatrının artistləri mənə müraciət etmişdilər. Mən bu müraciəti qəbul etdim və göstəriş verdim, gözəl Dram Teatrı tikilir. Bilirsiniz ki, mənim göstərişimlə Gəncə Dövlət Filarmoniyası tikilib və bu, çox gözəl memarlıq abidəsidir. Eyni zamanda lazım olan infrastruktur layihələri icra edilir”.

Prezident Gəncə şəhərinə müntəzəm olaraq gəldiyini qeyd edib: “Bu səfərim prezident kimi 16-cı səfərdir. Yəni, orta hesabla ən azı ildə bir dəfə mən Gəncədə oluram. Gəncə bu gün ölkəmizin həm sənaye mərkəzinə çevrilir, həm mədəniyyət mərkəzidir, həm də böyük tarixi var. Əlbəttə ki, tarixin qorunması hər birimizin işidir”.