Prezident İlham Əliyev iyunun 25-də Mingəçevirdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.

Dövlət başçısına muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.

Bildirilib ki, tikintisi bu ilin aprelində başa çatdırılan Dövlət Rəmzləri Muzeyinin sərgi zalında 9 bölmə yaradılıb. Burada Milli Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən hazırlanmış ayrı-ayrı dövrlərə uyğun Azərbaycan xəritələri, Orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, Orta əsr Azərbaycan dövlətlərinin və xanlıqlarının bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar sərgilənir.

Muzeyin eksponatları arasında Azərbaycan Orta əsr əsgərlərinin döyüş geyimləri, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, Azərbaycan SSR-in gerbləri və bayraqları, Silahlı Qüvvələrin mərasim geyim formaları və döyüş bayraqları, ümummilli lider Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin andiçmə mərasiminə aid fotoşəkillər, dövlət rəmzləri haqqında kəlamlar, poçt markaları, orden, medal, fəxri ad və döş nişanları nümayiş olunur.

Dövlət Rəmzləri Muzeyinin yerləşdiyi ərazidə 200 yerlik yay səhnəsi də tikilib.

Prezidentə şəhərdəki “Dostluq” və “Nəsimi” parklarında aparılan yenidənqurma işləri barədə də məlumat verilib. Bildirildi ki, hər iki parkda istər şəhər sakinlərinin, istərsə də Mingəçevirin qonaqlarının istirahətlərinin maraqlı təşkili üçün hərtərəfli şərait yaradılıb.