26 iyun – Narkоmaniyaya və Narkоbiznеsə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar “Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirilib. Konfrans Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Baş Nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov, Gənclər və İdman naziri Azad Rəhimov, müvafiq nazirlik və dövlət qurumlarının rəhbər şəxsləri, millət vəkilləri Məzahir Əfəndiyev, Azay Quliyev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, QHT rəhbərləri onlayn konfransda iştirak ediblər.

Konfransda diqqətə çatdırılıb ki, ötən müddətdə bu sosial bəlaya qarşı mübarizə üzrə üç Dövlət Proqramı icra olunub, 2019-cu ildən etibarən isə dördüncü Dövlət Proqramı (2019-2024-cü illər üzrə) həyata keçirilməkdədir.

Gənclər və İdman naziri Azad Rəhimov qeyd edib ki, gənclər arasında sağlam həyat tərzinin təbliği bu sahədə dövlət siyasətinin əsas vəzifələrindən biridir. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi əksini tapıb.  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” bu istiqamətdə həyata keçirilməli olan kompleks tədbirləri müəyyən edib.

Nazirlik tərəfindən bu istiqamətdə maarifləndirici layihələr həyata keçirilir. 2012-ci ildə ilk dəfə “Həyatla oyun” adlı tamaşa səhnələşdirilib və  ictimaiyyət tərəfindən maraqla qarşılanıb. 2012-2019-cu illər ərzində Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında 20-dək gənclərin fiziki aktivlik və sağlamlıq festivalları keçirilib. 2017-2019-cu il ərzində respublikanın 16 rayonunda “Sağlam gələcək üçün zərərli vərdişlərə qarşı birləşək!” devizi altında maarifləndirici tədbirlər reallaşıb.

Videokonfransda qeyd edilib ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və digər dövlət qurumları bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.