İyunun 24-də Moskvada, Qızıl meydanda Böyük Vətən müharibəsində qələbənin 75 illiyi münasibətilə keçirilən paradda Azərbaycan Respublikasından da nümayəndə heyəti, o cümlədən Silahlı Qüvvələrimizin hərbi qulluqçuları iştirak etdi.

75 il öncə, 1945-ci ilin 24 iyununda keçmiş SSRİ-nin paytaxtı Moskvada Qələbə paradı keçirilmiş, həmin  tarixi mərasimdə də Azərbaycan nümayəndələri iştirak etmişdi.

Müharibə illərində Azərbaycanın oğul və qızları istər ön cəbhədə, istərsə də arxa cəbhədə igidliklər göstərərək bu qələbənin əldə olunmasına tarixi töhfələr vermişlər. Azərbaycandan cəbhəyə 600 mindən çox insan yollanmış, onların yarısı döyüşlərdə qəhrəmancasına həlak olmuşdu. Bakı nefti olmasaydı, bu müharibədə hərbi əməliyyatları uğurla başa çatdırmaq mümkün olmazdı. Görkəmli akademik Yusuf Məmmədəliyevin 1941-1945-ci illərdə neft kimyası sahəsində etdiyi ixtiralar isə ümumilikdə Azərbaycanının o dövrdə qələbəsi idi.

1945-ci il iyunun 24-də Moskvada keçirilən Qələbə paradının iştirakçıları arasında Yusuf Məmmədəliyev də vardı. Görkəmli alim parada xüsusi dəvət alaraq fəxri qonaqlar sırasında yer almışdı. Həmin sənəd Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi kitabxanasına təqdim olunub.

1941-1945-ci illər müharibəsində şərəfli döyüş yolu keçmiş oğul və qızlarımızın şücaətlərini, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətlərini Azərbaycan xalqı heç vaxt unutmayacaq.