Azərbaycan Televiziyasının istehsalı olan və Xocalı faciəsinə həsr edilən “26.02.92” adlı qısametrajlı film bu ilin martında İstanbulda keçirilən müsabiqədə bir neçə nominasiya üzrə, həmçinin Hindistanda “Crown Wood” beynəlxalq film festivalında mükafata layiq görülüb.

Filmin rejissoru Elvin Əhmədoğlunun sözlərinə görə, bu cür festivallarda iştirak etmək həm də Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, erməni qoşunlarının törətdiyi vəhşiliklər haqqında həqiqətləri daha çox insana çatdırmaq baxımından əhəmiyyətlidir.

Baş rolun ifaçısı Münəvvər Əliyeva doğmalarının Qarabağ münaqişəsi zamanı məcburi köçkün düşdüyünü və Xocalı ağrısını dərindən hiss etdiyini vurğulayıb.

Filmin ssenari müəllifi və rejissoru Elvin Əhmədoğlu, rəssamı Fəridbəy Kərimov, qrim ustası Eldar İsrafilov, montaj edəni Əhməd Qasımov, vizual qrafika işlərini görəni Rövşən Abiyev, rejissor assistenti Novruz Məmmədov, icraçı prodüseri Zamiq Əlövsətoğlu, layihə rəhbəri isə Ranar Musayevdir.