Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet truppasının quruluşçu baletmeysteri, Əməkdar artist Emin Əliyev insanların evdə vaxtlarını səmərəli keçirməsi məqsədilə onlayn rəqs kursları təşkil edir.

Virtual rəqs qruplarında milli və dünya xalqlarının rəqsləri öyrədiləcək. Fərdi və qrup şəklində təklif olunan onlayn kurslara qəbul artıq başlanıb.

Emin Əliyev Bakı Xoreoqrafiya Akademiyasının məzunudur. 2015-ci ilə qədər Azərbaycan Dövlət Rəqs Ansamblının solisti olub. 2004-cü ildə Xalq artisti Polad Bülbüloğlunun “Eşq və ölüm” baletində Nuri obrazı ilə daha çox tanınıb. Bu baletin Moskvada, Rusiya Böyük Teatrında, Sankt-Peterburqun Mariinski Teatrında oynanılan tamaşalarında çıxış edib. 2004-2006-cı illərdə Türkiyənin “Anadolu Atəşi” və 2017-ci ildə “Royal” rəqs ansambllarına dəvət alıb, bir müddət orada fəaliyyət göstərib. Maestro Niyazinin “Rast” simfonik muğamı və “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında “Dəryadan damla” balet tamaşasına quruluş verib.