Qeyri-hökumət təşkilatlarının (QHT) reyestri, qrant müqavilələrinin qeydə alınması, QHT-lərin bank əməliyyatları ilə bağlı bir sıra prosedurlar elektronlaşdırılır.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iyunun 25-də keçirilən iclasında birinci oxunuşda qəbul olunub.

Qanuna əlavə edilməsi təklif olunan maddəyə əsasən, QHT-lərin təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydiyyata alınmış faktların hər bir sonrakı dəyişikliklərinin dövlət qeydiyyatı bu qanunun tələbləri nəzərə alınmaqla və gücləndirilmiş elektron  imza ilə təsdiq edilməklə müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə həyata keçiriləcək. Təklif olunan digər maddəyə görə, müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemində sənədlər gücləndirilmiş elektron imza ilə təsdiq olunacaq, sistemin iştirakçıları və istifadəçiləri öz fəaliyyətlərində həmin sistem vasitəsilə əldə edilən sənədlərdə istifadə edəcəklər. Həmin sistemdən əldə edilən sənədlər dövlət qurumlarına və şəxslərə kağız daşıyıcılarda, yaxud elektron qaydada təqdim oluna bilər.

QHT-lər qrant müqavilələrinin (qərarlarının), xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydə alınmasını və qəbul etdiyi ianələr üzrə məlumatların təqdim edilməsini müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə elektron qaydada həyat keçirmək üçün müraciət edə bilərlər.