Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı-TÜRKSOY tərəfindən hazırlanan “TÜRKSOY-Balkanlar” kitabının təqdimat mərasimi iyunun 24-də videokonfrans vasitəsilə keçirilib.

Qurumun baş katibinin müavini Bilal Çakıcının moderatorluğu ilə gerçəkləşən təqdimata Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Sərdar Çam, Xarici İşlər Nazirliyinin mədəniyyət işləri məsul şəxsi, səfir Deniz Çakar, Yunus Əmrə  İnstitutunun rəhbəri Şərəf Atəş, Kosovo, Şimali Makedoniya rəsmiləri, Albaniya, Macarıstan və Rumıniyanın Ankara diplomatları qatılıb.

Onlayn görüşdə açılış nitqi söyləyən TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, rəhbərlik etdiyi qurum üzv ölkələr ilə yanaşı bütün dünyada fəaliyyətini davam etdirir. Balkanlardan Anadoluya, Anadoludan Orta Asiyaya qədər uzanan coğrafiyada reallaşan fəaliyyətlərlə türk xalqlarının mədəniyyətini və sənətini bir araya gətirdiklərini  deyən Kaseinov, bu çərçivədə Balkan ölkələrində keçirilən tədbirləri – festivalları, sərgiləri, konsertləri, konfransları nümunə olaraq qeyd edib.

Səfir Dəniz Çakar çıxışında TÜRKSOY-un fəaliyyətinin Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən yaxından izlənildiyini və bu işlərə nazirliyin xaricdəki nümayəndələrinin də töhfə verdiyini bildirib.  O, nazirliyin xarici ölkələrdə keçirdiyi bir çox tədbirlərin məhz TÜRKSOY-un iştirakı ilə reallaşdığını vurğulayıb.

TÜRKSOY-a genişmiqyaslı fəaliyyətinə görə təşəkkür edən Yalçın Topçu pandemiya şəraitində də bu cür layihələrin ərsəyə gəlməsinin təqdirəlayiq olduğunu deyib.

Türkiyə Mədəniyyət və Turizm nazirinin müavini Sərdar Çam TÜRKSOY-un Balkanlarda gerçəkləşdirdiyi tədbirlərin əhəmiyyətindən bəhs edib. Vurğulayıb ki, TÜRKSOY-u tədricən böyüyən çevrəsinə görə din, irq və dilindən asılı olmayaraq bir çox mədəniyyətləri bir araya gətirən bir mayanın təzahürü kimi qəbul etmək lazımdır: “Orta Asiyadan, Orxon abidələrindən başlayaraq dünyanın bir çox nöqtələrinə qədər uzanan bu sivilizasiya yürüşündə bir çox məqamlar var. Buna görə ümumi nöqtədə birliyi təmin edən bu təşkilatın gündən-günə dünyaya daha çox açılacağına inanıram”.

Digər iştirakçılar da TÜRKSOY-un fəaliyyətindən bəhs edərək quruma uğurlar arzu ediblər.

Çıxışlardan sonra TÜRKSOY-un baş katibi Düsen Kaseinov təqdimatın rəmzi kimi  “TÜRKSOY-Balkanlar” kitabının lentini kəsib.

Mehparə SULTANOVA
Ankara