Türkiyədə olan Azərbaycan vətəndaşlarının, o cümlədən tələbələrin ölkəyə gəlməsi və müxtəlif şəxsi səbəblərə görə Azərbaycan vətəndaşlarının Türkiyəyə gedişini asanlaşdırmaq üçün 1 iyul tarixindən başlayaraq qarşılıqlı razılıq əsasında həftədə iki dəfə Azərbaycan Hava Yollarının (AZAL), iki dəfə də Türk Hava Yollarının (THY) Bakı-İstanbul-Bakı və İstanbul-Bakı-İstanbul istiqaməti üzrə xüsusi reysləri həyata keçiriləcək.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilir. Məlumata görə, AZAL-ın reysləri həftənin cümə axşamı və şənbə günlərində, THY-nin reysləri isə çərşənbə və cümə günlərində icra olunacaq. Digər ölkələrdə olan və Azərbaycana geri qayıtmaq istəyən vətəndaşlar, o cümlədən tələbələr də İstanbul hava limanının tranzit imkanlarından istifadə edərək bu marşrut üzrə Bakıya gələ biləcəklər.

Reyslərə aviabilet satışı AZAL-ın və THY-nin internet səhifələri vasitəsilə həyata keçiriləcək.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Türkiyənin və digər ölkələrin ali təhsil müəssisələrində təhsil alan və ya təhsilini başa vuran Azərbaycan Respublikası vətəndaşları olan tələbələr üçün AZAL-ın İstanbul-Bakı istiqamətində reysinə biletin qiymətinə 30%-lik güzəşt tətbiq olunacaq.