Turizm şirkətlərinin narazılığı diqqətə çatdırılıb

“Azərbaycan Hava Yolları” (AZAL) şirkəti tərəfindən iyunun 18-dən başlanan bilet satışının yalnız onlayn qaydada həyata keçirilməsi əksər turizm şirkətləri tərəfindən narazılıqla qarşılanıb.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) bu məsələ ilə bağlı “Azərbaycan Hava Yolları” (AZAL) şirkəti ilə onlayn müzakirə təşkil edib. Müzakirə zamanı ikitərəfli əlaqələrin və əməkdaşlığın genişləndirilməsi, avia uçuşların bərpası, sərnişinlərin təhlükəsizliyi, eləcə də bilet satışı ilə məşğul olan turizm şirkətlərinin fəaliyyəti ətrafında fikir mübadiləsi aparılıb.

ATAA-nın İdarə heyətinin sədri Rüfət Hacıyev hazırda turizm şirkətlərinin böhran yaşadığını, pandemiya ilə əlaqədar olaraq böyük maliyyə itkiləri ilə üzləşdiklərini diqqətə çatdırıb, AZAL tərəfindən biletlərin yalnız onlayn satışının da turizm şirkətlərində müəyyən narazılıq doğurduğu bildirilib.

AZAL-ın vitse-prezidenti Eldar Hacıyev yeni qaydaların tətbiqində əsas məqsədin vətəndaşların sağlamlığını qorumaq və sosial məsafəni saxlamaqla virusun geniş yayılması riskinin qarşısının alınması olduğunu bildirib. Qeyd edib ki, karantin bitdikdən sonra bilet satışları sərnişinlərin istəyinə uyğun olaraq həm kassalarda, həm də onlayn şəkildə mümkün olacaq. Turizm şirkətləri də karantindən sonra öz müştərilərinə bilet satışını əvvəlki qaydada həyata keçirə biləcək.

Eldar Hacıyev hazırda həyata keçirilən xüsusi reyslərin pilot layihə olduğunu və nəticələrdən asılı olaraq digər istiqamətlərə də uçuşların açılmasını nəzərdən keçirdiklərini deyib.