(əvvəli qəzetimizin 1 iyul tarixli sayında)


Parlamentin bir həftə sonrakı 29 noyabr tarixli iclasında Ə.Haqverdiyev yenə çıxış edərək xalq təmsilçilərinin diqqətini Borçalı qəzasında və ümumən müsəlmanlar yaşayan bölgələrdə təhsilsizliklə, savadsızlıqla bağlı mövcud vəziyyətə yönəldir. O, Tiflisdə belə tək bircə müsəlman məktəbinin fəaliyyət göstərdiyini, onun da maddi çatışmazlıq ucbatından bağlanmaq üzrə olduğunu bildirərək, parlamentdən yaranmış durumla bağlı müvafiq addımlar atılmasını xahiş edir və bu xüsusda haqqında bəhs etdiyi Tiflis müsəlman yüksək pillə ibtidai məktəbinin Maarif Nazirliyinin sərəncamına keçirilib, dövlət hesabına maliyyələşdirilməsi təklifini irəli sürür. “Saxalxo sakme” gürcü qəzeti “hümmətçi” Ə.Haqverdiyevin sözügedən çıxışda hökuməti müsəlman bölgələrinə diqqət yetirməməkdə günahlandırdığını yazırdı. 1918-1921-ci illərdə müstəqil Gürcüstan Respublikasında azərbaycanlıların təhsili məsələlərini tədqiq etmiş pedaqoq-alim G.Qocayeva-Məmmədova Ə.Haqverdiyevin qaldırdığı problemin aktuallığına diqqət yetirərək yazır: “Gerçəkdən də, siyasi gərginlik üzündən 1918/19 tədris ilində Tiflis və Borçalı qəzalarında 11 məktəbdə məşğələlər aparılmırdı, məktəbyaşlı uşaqların 62,1 faizi təhsildən kənarda qalmışdı”.

Qeyd edək ki, Gürcüstan Müsəlmanları Milli Şurası (GMMŞ) yerli türk-müsəlman əhalinin təlim-tədris və mədəni-maarif məsələləri ilə məşğul olmaq, hətta məktəblər açmaq səlahiyyətinə sahib idi. Şura Tiflis müsəlman ikisinifli məktəbinin bazasında yüksək pillə ibtidai məktəbin yaradılması barədə qərar qəbul etmiş və bu məktəbin inspektoru vəzifəsinə Ə.Haqvediyevin namizədliyini təklif etmişdi. Tiflis müsəlman yüksək pillə ibtidai məktəbinin dövlət xəzinəsindən maliyyələşdirilməsi ilə bağlı müvafiq strukturlara müraciətlərinə müsbət cavab ala bilməyən GMMŞ bu layihəsini yarımçıq saxlamağa məcbur olmuşdu.

Parlamentin Maarif komissiyasının 18 dekabr 1918-ci il tarixli iclasında iki azərbaycanlı deputatın – Ə.Haqverdiyevin və H.Həsənzadənin iştirakı ilə respublikadakı Azərbaycan-türk məktəblərinin durumu müzakirə olunur. Həmin iclasda da Ə.Haqverdiyev məruzə ilə çıxış edərək Gürcüstan ərazisində ümumilikdə 15 müsəlman məktəbinin olduğunu və onlardan yalnız 10-nun fəaliyyət göstərdiyini bildirir. Yekun qərar bu olur ki, iclasda iştirak edən Maarif Nazirliyinin təmsilçisi Q.Cumberidzeyə müsəlman müəllimlər üçün kursların açılması ilə bağlı tez bir zamanda plan hazırlayıb Maarif komissiyasına təqdim edilməsi barədə tapşırıq verilsin.

1918-ci ilin sonlarında tam bir il öncə o zaman Borçalı qəzasının komissarı vəzifəsini tutan Ə.Haqverdiyevin də fəal iştirakı ilə qarşısı alınmış problem − ermənilərin Gürcüstanın güneyindəki Borçalı və Axalkələk qəzalarına yönlənmiş ərazi iddiaları yenidən baş qaldırır. Bu dəfə ermənilər artıq hərbi yola əl ataraq 1918-ci ilin dekabr ayında Gürcüstanın ərazi bütövlüyünə silahlı təcavüz edirlər. Ermənistan (Ararat) Respublikasının ordu birliklərinin Borçalı qəzasına soxularaq aktiv hərbi əməliyyatlara başlaması Gürcüstan parlamentində bu mövzuda geniş müzakirələrin aparılmasına yol açır. Parlamentin erməni işğalına həsr olunmuş 17 dekabr 1918-ci il tarixli iclasında Əbdürrəhim bəy Haqverdiyev Gürcüstan müsəlmanları adından nitq söyləyərək bu ölkədəki soydaşlarının, digər tarixi dövrlərdə olduğu kimi, indi də əsl vətəndaşlıq mövqeyi sərgilədiklərini və düşmən əleyhinə vuruşduqlarını bəyan edir:

“Vətəndaşlar! Parlament üzvləri!

Bu tarixi anda mən Gürcüstan Respublikasının müsəlman vətəndaşları adından çıxış edirəm. Böyük Avropa müharibəsi (Birinci Dünya müharibəsi – müəlliflər) sona yetdi. Biz əmin idik ki, bu dəqiqələrdən sonra xalqlar, xüsusilə də Cənubi Qafqazda yaşayan xalqlar birlikdə mehriban şəraitdə yaşamağa başlayacaqlar. Ancaq bizim gözləntilər özünü doğrultmadı. Qonşu respublika bizə müharibə elan etdi. Axı mənə elə gəlir ki, indi bu müharibə üçün heç bir səbəb yox idi. Gürcülərlə ermənilər arasında mövcud olan bütün bu məsələləri sülh konfransı yolu ilə həll etmək olardı. Bu gün çap olunmuş teleqramlardan da göründüyü kimi, bizim hökumət mübahisəli məsələlərin nizamlanması üçün öz səylərini əsirgəmirdi. Amma bir erməni partiyası (“Daşnaksütyun” nəzərdə tutulur – müəl.) sırf eqoist səbəblər ucbatından bu atəşin alovlanmasına cəhd göstərdi. Mən deməliyəm ki, 1905-ci il atəşinin (1905-1906-cı illər türk-erməni toqquşmaları nəzərdə tutulur – müəl.) üçüncü tərəfin əli ilə yaxıldığına əmin idim, ancaq indi buna bir az şübhəm var (deputat Qabaşvili: “Biz onda da şübhələnirdik”).

Biz parlamentə daxil olanda və öz bəyanatımızda bildirdik ki, Gürcüstan müsəlmanları öz vətənlərini, düşmənin kim olmasından asılı olmayaraq, hər kəsdən bütün mümkün vasitələrlə qoruyacaqlar və indi də, sözdən əmələ keçmək lazım olan bir vaxtda da bu bəyanatı təntənəli şəkildə təkrar edirik (alqışlar). XVIII əsrin sonlarında mərhəmətsiz Ağa Məhəmməd xanın qoşunları Şuşa qalasını mühasirəyə alanda, şahzadə Aleksandr İrakli oğlunun başçılığı altında Gürcüstan ordusu Qarabağ xanı İbrahimi xilas etmək üçün yürüş etdi (deputat Veşapeli: “Sizin yaxşı yaddaşınız var imiş!”). Bundan sonra İran şahı gürcülərə acıqlananda və öz qoşunlarını onların üzərinə yönəldəndə onda bizim Borçalı qəzasının müsəlmanları Gürcüstan qoşunlarının səflərində yer aldılar və öz dindaşlarına qarşı çıxdılar (deputat Vaçnadze: “Yaşasın Borçalı!”). Bütün bunlar Borçalı qəzasının müsəlmanlarının törəmələrinin yaddaşında bugünədək yaşayır.

Və indi müsəlman dəstəsi artıq yaranıbdır və onlar Gürcüstanın düşmənləri əleyhinə vuruşurlar (alqışlar). Bu düşmənlər yalnız Gürcüstanın deyil, bütün Cənubi Qafqazın müstəqilliyinə qarşı müharibə elan ediblər və müstəqilliyə dəyər verən hər kəs onu bütün vasitələrlə qorumalıdır. Müsəlmanlar bunu anlayır və Gürcüstan və Cənubi Qafqazın müstəqilliyini ayaqlar altına atmağa köklənənlərə qarşı məmnuniyyətlə mübarizə aparırlar (yerdən səslər: “Doğrudur”). Mən inanıram ki, Gürcüstan Respublikasının digər hissələrinin müsəlmanları: Siqnax, Telav, Axalsıx və digər qəzaların müsəlmanları da Borçalı müsəlmanları kimi davranacaqlar və bütün imkanlarından istifadə edərək onlar da öz vətənlərini dəstəkləyəcəklər.

Və yenə də bəyan edirəm, parlamentə daxil olanda olduğu kimi, böyük məmnunluq hissi ilə bəyan edirəm: - Yaşasın Gürcüstan! (gurultulu alqışlar)”.

Əbdürrəhim bəyin alovlu nitqi gürcü ictimaiyyətində geniş əks-səda doğurur. Bu barədə mətbuat dəyərləndirmə apararaq yazırdı: “Ermənilərin Gürcüstana qarşı çıxışı onların Qafqaz xalqlarının müstəqilliyini dəfn etmək arzusu ilə diktə olunubdur, bu məhz beləcə də anlaşılıbdır, yekdilliklə belə qiymətləndirilibdir. Bu baxımdan müsəlman təmsilçisi Haqverdiyevin bizim parlamentdə söylədiyi nitq diqqətəlayiqdir...”.

22 noyabr 1918-ci il tarixində Gürcüstan parlamenti “Müəssislər Məclisinə seçkilər barədə Əsasnamə”ni təsdiq edir. Əsasnaməyə görə, ölkənin yeni qanunverici orqanı olacaq Müəssislər Məclisi ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və azad səsvermə yolu ilə keçirilmiş ümumxalq seçkiləri nəticəsində formalaşmalı idi. Parlament tərəfindən, həmçinin seçkilərin təşkili üçün Parlament Mərkəzi Seçki Komissiyası (PMSK) yaradılır. PMSK-da hər bir seçki subyekti üçün ən azı bir üzvlük mandatı nəzərdə tutulur, eyni zamanda parlament fraksiyalarına təmsilçi sayına müvafiq olaraq müxtəlif sayda yerlər ayrılır. Parlamentin müsəlmanlar (“tatarlar”) blokunu PMSK-da Əbdürrəhim bəy Haqverdiyev təmsil edir. Bu qurumda tərcümə işləri Ə.Haqverdiyev və daşnakların təmsilçisi D.Davitxanyanın rəhbərliyi altında yaradılmış komissiya tərəfindən həyata keçirilirdi. Qeyd edək ki, PMSK üzvlərinin eyni zamanda Müəssislər Məclisinə seçkilərdə namizəd qismində iştirakına heç bir məhdudiyyət qoyulmamışdı.

Parlamentin 10 yanvar 1919-cu il tarixli iclasında qəbul olunmuş “Müəssislər Məclisinə seçkilərin təyin olunması barədə” Qanuna görə, Müəssislər Məclisinə seçkilərin ilk günü 14 fevral 1919-cu il tarixinə təyin olunur.

Gürcüstanın türk-müsəlman siyasi-ictimai fəallarının bir qismi sosial-demokratların siyahılarında, digər qismi qeydiyyatdan keçirilmiş iki ayrı seçki subyektinin – Ə.Haqverdiyevin sədrlik etdiyi Gürcüstan Müsəlmanları Milli Şurasının və Borçalı Qəzası Müsəlmanları Qrupunun (BQMQ) sıralarında seçkilərə qatılırlar.

Gürcüstan Milli Tarix Arxivində saxlanılan sənədlərdən aydın olur ki, GMMŞ tərəfindən bu təşkilatın sədr müavini Halay bəy Bayramovun imzası ilə PMSK-ya göndərilmiş altı nəfərlik ilkin namizədlər siyahısında aşağıdakı adlar əks olunmuşdur.

1. Halay bəy Aslan ağa oğlu Bayramov (təlimatçı-aqronom);

2. Əbdürrəhim bəy Haqverdiyev (GMMŞ-nin sədri, Gürcüstan parlamentinin üzvü);

3. Ömər Faiq Nemanzadə (jurnalist);

4. Əlimirzə bəy Nərimanov (müəllim, Nəriman Nərimanovun əmisi nəvəsi);

5. İbrahim bəy Mursaqulov;

6. Mirzə Rza Əlizadə (müəllim).

Bu siyahının ardınca PMSK-ya GMMŞ-nin sədri Ə.Haqverdiyevin imzasıyla əlavə namizədlərdən ibarət beş nəfərlik başqa bir siyahı göndərilir. Bu əlavə siyahıda ardıcıllıqla Abbasqulu Xanəhmədov (tacir), Fətəli bəy Rəşid bəy oğlu Axundov (tələbə, Mirzə Fətəli Axundovun nəvəsi), Qasım Abbas oğlu Bayramov (GMMŞ-nin katibi, tramvay konduktoru), Məşədi Əli Bayram oğlu Quliyev (tacir) və İsmayıl Xəlilovun (kiçik usta) adları qeyd olunmuşdu.

Beləliklə, GMMŞ ilkin olaraq seçkilərdə 11 nəfərlik siyahı ilə iştirak etməyi planlaşdırsa da, sonradan müəyyən səbəblərdən dolayı bu siyahı qısaldılaraq 5 nəfərlə məhdudlaşdırılır. Yekun siyahıda Ə.Haqverdiyevin adına rast gəlinmir. Eyni proseslər BQMQ-də də baş verir.

Hər iki müsəlman siyasi subyekti seçkilərdə fiaskoya uğrayır; GMMŞ cəmi 105, BQMQ isə 224 səs toplaya bilir. Zənnimizcə, belə zəif nəticə, başlıca olaraq, seçkiqabağı xaotik proseslərdən, xüsusən də seçki siyahılarının tərtib olunması zamanı yaranmış çaşqınlıq və anlaşılmazlıq, Ə.Haqverdiyev, Ö.Nemanzadə, İsrafil bəy Yadigarov kimi türk-müsəlman əhali arasında böyük nüfuza malik şəxslərin yekun siyahılardan kənarda qalması, eləcə də bəzi namizədlər arasında təxmin edə biləcəyimiz ixtilaflardan qaynaqlana bilərdi (Gürcüstan Müəssislər Məclisinə seçkilərlə bağlı daha ətraflı bax: F.Valehoğlu-Hacılar. Gürcüstan Parlamentinin ilk türk-müsəlman deputatı. Qaraçöplü Hüseynqulu Məmmədov, “Birlik” jurnalı, 2018, № 30, s. 50-53).

Beləliklə, 1919-cu ilin 14-17 fevral tarixlərində keçirilmiş demokratik seçkilər nəticəsində Gürcüstan Milli Şurasının transformasiyası əsasında yaranmış parlament fəaliyyətini dayandırmış və öz ali qanunvericilik funksiyasını Gürcüstan Müəssislər Məclisinə ötürmüşdür. Bununla, Gürcüstan parlamentində deputatlıq səlahiyyəti başa çatan Əbdürrəhim bəy Haqverdiyev 19 fevral 1919-cu ildə Gürcüstan Müsəlmanları Milli Şurasında tutduğu sədr vəzifəsini Əlimirzə bəy Nərimanova təhvil vermiş və sonrakı taleyini Azərbaycana bağlamışdır. Çox keçmədən o, Azərbaycan Xalq Cümhuriyyətinin Dağlı Respublikasında (Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası – red.), 24 avqust 1919-cu ildən etibarən isə Ermənistan Respublikasında diplomatik nümayəndəsi təyin olunmuş və 1920-ci ilin mart ayının 16-na qədər bu vəzifəni uğurla icra etmişdir.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ictimai-mədəni və ədəbi-bədii sahələr üzrə müxtəlif məsul vəzifələrdə çalışan Ə.Haqverdiyev tiflisli ədəbiyyat və incəsənət xadimləri ilə yaradıcılıq ünsiyyətini davam etdirmişdir. Onun ən çox əlaqədə olduğu, məktublaşdığı və görüşdüyü Tiflis ziyalısı keçmiş deputat həmkarı Əziz Şərif idi. Onların arasında dostluq münasibəti Ə.Şərifin “Molla Nəsrəddin” jurnalının redaksiyasında işlədiyi dövrdə yaransa da, Gürcüstan parlamentində birgə fəaliyyət göstərdikləri zaman daha da dərinləşmişdir. Bu barədə Ə.Şərif xatirələrində yazırdı:

“...Tiflisdə Müsəlman Milli Şurası həmin il (1918-ci il – F.V-H., N.V.-H.) 29 sentyabrda öz tərəfindən Gürcüstan parlamentinə dörd nəfər nümayəndə seçmişdi: Əbdürrəhim bəy Haqverdiyev, Əliheydər Qarayev, müəllim Mirzə Hüseyn Həsənzadə və mən. Bu vaxtdan etibarən ta Haqverdiyev Bakıya gedən günə qədər biz hər gün, ya günaşırı görüşür, danışır, dərdləşirdik. Nəticədə biz daha da yaxınlaşdıq... Mənim arxivimdə Tiflisdə K.Y.Zubalov adına Xalq evi nəzdində Türk Dram Cəmiyyətinin 1919-cu il üçün üzvlük bileti vardır. Mənim adıma yazılmış bu bileti Türk Dram Cəmiyyəti idarə heyətinin sədri Ə.Haqverdiyev imzalamışdır. Bundan bəlli olur ki, Tiflisdə məsul siyasi vəzifə daşıyan yazıçımız yenə də məftun olduğu teatr işindən əsla ayrılmır və bu sahədə fəaliyyət göstərirmiş”.

Həqiqətən, Əbdürrəhim bəy deputatlığa paralel olaraq Türk Dram Cəmiyyətinin sədri qismində də məhsuldar çalışmış, Tiflis Türk (Azərbaycan) Teatrının fəaliyyətinin təşkili və inkişafında, yeni istedadların teatra cəlb olunmasında səylərini əsirgəməmiş, iki dərnəyə bölünmüş teatr truppasının dağılmasının qarşısını almışdır. Teatrın repertuarının müəyyən edilməsində onun tövsiyələri nəzərə alınmışdır. Dramaturq Gürcüstanda yaşadığı illərdə Tiflis ədəbi mühitinin Azərbaycan ədəbiyyatına bəxş etdiyi dahilərdən M.F.Axundzadənin “Hacı Qara” və N.Nərimanovun “Nadir şah” pyeslərinə, eləcə də özünün müəllifi olduğu “Bəxtsiz cavan” əsərinə quruluş vermişdir.

Tiflis Dövlət Türk (Azərbaycan) Teatrının kollektivi də öz növbəsində Əbdürrəhim bəy Haqverdiyevin onlara yönəlik qayğısını diqqətdən kənarda qoymamış, 1927-ci ilin fevral ayının 4-də Tiflisin Rustaveli Teatrında bu böyük şəxsiyyətin ədəbi-ictimai fəaliyyətinin 35 illik yubiley gecəsinin yüksək səviyyədə keçirilməsində aparıcı rol oynamışdır.

Bu barədə filologiya elmləri doktoru Adilxan Bayramov yazır: “Mərasimdə rəsmi şəxslər, ayrı-ayrı respublikaların, o cümlədən Gürcüstanın teatr ictimaiyyətinin nümayəndələri, şair və yazıçılar yubilyarı təbrik etmiş, Tiflis Azərbaycan Dövlət Dram Teatrı aktyorlarının iştirakı ilə dramaturqun “Bəxtsiz cavan” pyesinin ikinci pərdəsi və “Ac həriflər” pyesi oynanılmış, eyni zamanda böyük konsert verilmişdir. Mərasim Tiflis mətbuatında geniş işıqlandırılmışdır”.

Ona həsr olunmuş yubiley tədbirinin məhz Tiflisdə keçirilməsi Ə.Haqverdiyevi mütəəssir etmişdi. Bununla bağlı o, tədbirin əsas təşəbbüskarı və təşkilatçılarından olan dostu Əziz Şərifə 7 may 1927-ci ildə yazdığı məktubunda bu şəhərə vurğunluğunu və Tiflis əhlinə minnətdarlığını belə ifadə edirdi:

“Mənim günlərimin gözəlləri, cavanlığım Tiflisdə keçdiyindən, o şəhərə mənim xüsusi bir məhəbbətim var...

Mənim burada (Azərbaycanda – müəl.) yubileyimin olmadığından mən əsla dilgir deyiləm. Əvvəla, Zaqafqaz miqyasında götürülmüş təntənənin burada təkrarı mümkün deyildi. İkincisi, heç kəs öz vətənində peyğəmbər olmayıb. Qırx illiyə də... ya nəsib!

Tiflis cavanlarının, əhalisinin, aktyorlarının, təşkilatının, sənin və Rzaqulunun (Rzaqulu Nəcəfov – maarifpərvər, publisist, diplomat, Əliqulu Qəmküsarın qardaşı – müəl.) qulluq eləməkdə təngə gəldiyimiz qiyamətədək mənim xəyalımdan getməz. Mən Qafqazda bir nəfər üçün bu cəlal ilə təşkil olunmuş yubiley görməmişdim”.

Əbdürrəhim bəy Haqverdiyevin siyasi-ictimai fəaliyyətinin 1916-1919-cu illəri əhatə edən Gürcüstan dövrü Sovetlər Birliyi dönəmində hakim ideoloji konyunkturanın tələblərinə uyğun olaraq tam öyrənilməmiş, böyük ədibin həyat və yaradıcılığının tədqiqatçıları tərəfindən onun üzərindən sadəcə sükutla keçilmişdir. Əbdürrəhim bəy özü də bəlli səbəblərdən bu barədə qısa xatırlama ilə kifayətlənmişdi: “1916-cı sənədə məişətimizin ağırlaşmasına görə Tiflisə gedib orada “Şəhərlər ittifaqı”nın Qafqaz şöbəsinə qəbul oldum və “Şəhərlər ittifaqı”nın Qafqaz şöbəsi əxbarının rus dilində aylıq jurnalının müdiriyyətini mənə həvalə etdilər. Fevral inqilabından sonra Tiflis İcraiyyə Komitəsinin və onun mərkəzi şurasının üzvlüyünə intixab olundum. Həmin ilin mart ayında Borçalı qəzasına komissar intixab olunub Şulaver qəsəbəsinə gedib, bir il yarım orada işlədim. Zaqafqaziya xüsusi cümhuriyyətlərə ayrıldıqdan sonra gürcü hökuməti idarələri milliləşdirməyi qərara aldı. O səbəbdən işlədiyim idarəni gürcülərə təhvil verib Tiflisə qayıtdım. Tiflisdə azərbaycanlılar üçün təzə açılmış ali-ibtidai məktəbə inspektor təyin olunub yenə müəllimliyə üz qoydum. Həmin sənənin oktyabrında Gürcüstan parlamanına Tiflis azərbaycanlıları tərəfindən göndərilən dörd məbusun biri mən oldum. 1919-cu sənədə Gürcüstan parlamanı əvəzinə məclisi-müəssisan çağırıldı. 1919-cu sənədə Müsavat hökuməti məni Bakıya çağırıb Dağıstana göndərdi...”.

Fəqət yuxarıda təqdim olunan məlumatlardan görünür ki, həmin siyasi fırtınalar və təlatümlər dövründə Ə.Haqverdiyev məhsuldar siyasi-ictimai fəaliyyəti ilə seçilmişdir. O həm Borçalı qəzasında dövlət məmuru, həm də Gürcüstan Müsəlmanları Milli Şurasının sədri və Gürcüstan parlamentinin deputatı vəzifələrini ləyaqətlə daşıyaraq Gürcüstanın ərazi bütövlüyü məsələlərində prinsipiallığını nümayiş etdirmiş, yerli türk-qarapapaq əhalinin əsas problemlərindən olan təhsil probleminin həll olunması üçün səylərini əsirgəməmişdir.

Fəxri Valehoğlu-HACILAR
tarix üzrə elmlər doktoru

Namiq Valehoğlu-HACILAR
Əməkdar mədəniyyət işçisi