İndoneziya saytlarında İçərişəhər haqqında məqalə

İndoneziyanın “republika.co.id”, “akurat.co” və “askara.co” saytlarında “UNESCO-nun irsi – İçərişəhər – Bakının incisi” adlı məqalə yayılıb.

Məqalənin müəllifi Azərbaycanın İndoneziyadakı səfirliyinin müşaviri Gültəkin Həbiblidir. Məqalədə bu il İçərişəhərin Şirvanşahlar Sarayı Kompleksi və Qız qalası ilə birlikdə UNESCO-nun Dünya irs siyahısına daxil edilməsinin 20 illiyinin tamam olduğu vurğulanır. Bildirilir ki, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin hələ sovet illərində diqqəti və qayğısı nəticəsində Bakının tarixi hissəsi – İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu elan edilib. Tarixi-mədəni irsə qayğı bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir.

Vurğulanır ki, Azərbaycan 28 ildir UNESCO-nun üzvüdür və təşkilatla sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində bir sıra tarixi məkanlarımız bu təşkilatın Dünya irs siyahısına daxil edilib. Azərbaycanın UNESCO ilə əlaqələrinin möhkəmlənməsində Heydər Əliyev Fondunun və onun rəhbəri, UNESCO və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük xidmətləri olduğu məqalədə geniş əksini tapıb.

Qeyd edilib ki, Heydər Əliyev Fondu yarandığı gündən milli-mənəvi dəyərlərimizin qorunmasına, beynəlxalq aləmdə tanıdılmasına xüsusi önəm verib. Ölkə və dünya əhəmiyyətli tarixi abidələrin, Azərbaycan musiqisinin xaricdə tanıdılması, təbliği istiqamətində mühüm tədbirlərin həyata keçirildiyi, klassik və müasir Azərbaycan ədəbiyyatı nümunələrinin xarici dillərə tərcümə edilərək nəşr olunmasına, milli mədəniyyətimizi və incəsənətimizi əks etdirən çap məhsullarının hazırlanmasına Fond tərəfindən xüsusi dəstək verilir.

Məqalədə Prezident İlham Əliyevin 2020-ci ildə Azərbaycan xalqının milli sərvəti İçərişəhərin UNESCO-nun siyahısına daxil edilməsinin 20 illiyi münasibətilə imzaladığı sərəncam milli-mənəvi dəyərlərə dövlətimiz tərəfindən verilən önəmin bariz nümunəsi kimi qeyd edilib. Sərəncama uyğun olaraq Bakının incisi İçərişəhərə həsr olunan tədbirlərin keçiriləcəyi, bu kompleksin bütün dünyadan gələn turistlərin sevərək ziyarət etdiyi Azərbaycan milli mədəniyyətinin nümunələrindən olduğu vurğulanır.

Məqalənin yekununda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir çox tarixi abidələrimizin düşmən tapdağı altında qaldığı və dağıdıldığı da qeyd edilib. “Çox təəssüf ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində ölkəmiz bütün milli-mədəni və tarixi abidələrinə, qoruqlarına sahib çıxa bilmir. Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən tarixi abidələr, məscidlər, məzarlıqlar Ermənistan tərəfindən dağıdılıb, muzeylər və maddi-mənəvi sərvətlərimiz talan edilib. Ermənistan məqsədli surətdə işğal olunmuş ərazilərimizdə Azərbaycanın izini itirməyə çalışaraq bütün toponimlərimizi erməniləşdirir. Ancaq hər bir azərbaycanlı inanır ki, Azərbaycanın tarixi torpaqları işğaldan azad olunacaq, “əsir abidələr”imiz yenidən dünyada tanıdılacaq, onların bir çoxu UNESCO-nun Dünya irs siyahısına Azərbaycan Respublikasına aid məkanlar olaraq daxil ediləcək”, – deyə müəllif bildirir.

Məqalədə İçərişəhərin fotogörüntüləri də əksini tapıb.