AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda tanınmış islamşünas Sədrəddin Bəlağinin “Quran” hekayətləri” kitabı çapdan çıxıb.

Əsəri farscadan dilimizə tərcümə edən AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, kitabı tərtib edən və nəşrə hazırlayan Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırovdur. Nəşrin elmi redaktoru baş elmi işçi, fəlsəfə üzrə elmlər doktoru Zəkiyyə Əbilova, tərcümə işinin redaktoru böyük elmi işçi Rauf Şeyxzamanlıdır.

İslam alimi Sədrəddin Bəlaği bu əsərini müqəddəs “Quran”dakı bir sıra mətləblərə yığcam şəkildə, sadə dillə aydınlıq gətirmək məqsədilə qələmə alıb. Kitab iki hissədən ibarətdir. Müəllif birinci hissədə peyğəmbərlərin başlarına gələn əhvalatları təsirli hekayətlər şəklində nəql edib. Hər hekayətin başlanğıcında onun “Qurani-Kərim”in hansı surəsindən götürüldüyü qeyd olunub.

Sədrəddin Bəlaği kitabının ön sözündə qeyd edib ki, bəşər övladının enişli-yoxuşlu həyatını əks etdirən bu dəyərli və ibrətli hekayələr bugünkü insanların da həyat yoluna işıq salmalı, onlar üçün əvəzsiz örnək olmalıdır.