Vokalçıların Müslüm Maqomayev adına Beynəlxalq Müsabiqəsi gələn ilin aprelində keçiriləcək. Bu barədə Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondu məlumat yayıb.

Məlumata görə, Vokalçıların Müslüm Maqomayev adına VI Beynəlxalq Müsabiqəsinin 2021-ci il  aprelin 23-24-də Moskvada keçirilməsi nəzərdə tutulub. Müsabiqədə 20-35 yaşlarında vokal təhsili olan şəxslər, ali musiqi məktəblərinin və ya kolleclərin vokal şöbələrində təhsil alan tələbələr iştirak edə bilərlər. Yarışmaya qatılmaq arzusu olanlar sentyabrın 15-dək sənədlərini təşkilat komitəsinə göndərməlidirlər. Münsiflər heyətinə ənənəvi olaraq Müslüm Maqomayevin ömür-gün yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskaya rəhbərlik edəcək.

Qeyd edək ki, müsabiqənin bu il oktyabrın 9-10-da keçirilməsi nəzərdə tutulmuşdu. Lakin koronavirus pandemiyası səbəbindən yarışma təxirə salınıb.