Xəbər verdiyimiz kimi, 29 iyun – 10 iyul tarixində Parisdə UNESCO-nun qərargahında qurumun İcra Şurasının 209-cu sessiyası keçirilir. Sessiyanın plenar iclasında UNESCO yanında ölkəmizin daimi nümayəndəsi, səfir Anar Kərimov çıxış edib.

Anar Kərimov çıxışında bu yaxınlarda İkinci Dünya müharibəsinin 75 illiyinin qeyd olunmasından bəhs edərək bildirib ki, bu faciəli keçmiş yaddaşımızdan silinməyıb. Amma bu gün nasist və digər oxşar ideologiyalara qulluq etmiş, nasistlərlə əməkdaşlıq etmiş şəxslərə abidə ucaldılması və gənc nəsillər arasında bu ideyaların aşılanması böyük narahatlıq doğurur.

Səfir vurğulayıb ki, belə halların bəzi ölkələrdə dövlət siyasətinin tərkib hissəsi kimi baş verməsi qəbuledilməzdir. “Azərbaycan dəfələrlə müxtəlif tribunalardan irqçiliyin, ayri-seçkiliyin, ksenofobiyanın və bunlarla bağlı dözümsüzlüyün bütün formalarına qarşı çıxıbdır. Qlobal təşkilat kimi UNESCO üzv dövlətlərlə yaxından işləməklə bu təhlükəli meyillərin qarşısını almaq üçün səylərini artırmalıdır. Keçmişdən nəticələr çıxarmalıyıq, keçmişin təkrarlanmaması üçün bəşəriyyət qarşısında kollektiv məsuliyyət daşıyırıq”, - deyə A.Kərimov bildirib.

Səfir qeyd edib ki, Azərbaycan bütün sahələrdə, xüsusən də gender bərabərliyi və Afrika Prioritetinə xüsusi diqqət verməklə təhsildə, pendemiyaya qarşı mübarizədə UNESCO-nun səylərini qətiyyətlə dəstəkləyir.

Qoşulmama Hərəkatının hazırkı sədri kimi Azərbaycan hesab edir ki, üzv ölkələr arasında çoxtərəfli və inklüziv əməkdaşlıq əsas məqsədlərə, eləcə də BMT-nin “2030 Dayanıqlı İnkişaf Gündəliyi”ndəki hədəflərə çatmaq üçün vacib amillərdir.

Səfir A.Kərimov plenar iclasda Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın bəyanatını da təqdim edib. Bəyanatda ölkəmizin COVİD-19 pandemiyasının dünyada yayılmasından narahatlığı ifadə olunub. Bildirilib ki, tarix boyu Qoşulmama Hərəkatı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq və xalqların öz müqəddəratını təyin etmək hüququ, beynəlxalq əməkdaşlıq və həmrəylik kimi prinsiplərə uyğun olaraq beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmlənməsində əsas rol oynayıb. Bu prinsiplər Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVİD-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşündə bir daha təsdiqlənib.

Qeyd edilib ki, Qoşulmama Hərəkatı əməkdaşlığın, inklüzivliyin, potensialın və idarəçiliyin möhkəmləndirilməsi vasitəsilə sülhə, dözümlülüyə və mədəni müxtəlifliyə hörməti təşviq etmək, ortaq dəyərlərin və ümumbəşəri insan haqlarının çağırışlarına cavab verməyə, bərabərsizliyə, irqçiliyə, ayrı-seçkiliyə, stereotiplərə və ziddiyyətlərə qarşı mübarizə aparmaq əzmini bir daha təsdiqləyir. Qoşulmama Hərəkatı UNESCO-nun potensialının möhkəmləndirilməsi, fəaliyyətinin və bu fəaliyyətlərin yerlərdəki təsirinin qiymətləndirilməsinin vacibliyini vurğulayır .

Həmçinin diqqətə çatdırılıb ki, Qoşulmama Hərəkatı UNESCO-nun mədəni irsin qorunmasında mərkəzi rolunu tanıyır və 1970-ci ildə qəbul olunan “Mədəni mülkiyyətin qanunsuz dövriyyəsi haqqında Konvensiya”nın həyata keçirilməsini təşviq etməyə, dəstəkləməyə və gücləndirməyə çağırır. Qoşulmama Hərəkatı mədəni irsin qəsdən məhv edilməsini, mədəni sərvətlərin talan edilməsini və oğurlanmasını, qanunsuz arxeoloji qazıntıların aparılmasını və mədəni irsin dəyişdirilməsini dünya xalqlarının tarixinə və şəxsiyyətinə qarşı ağır cinayət kimi pisləyir.

Bildirilib ki, Qoşulmama Hərəkatı “Dünyanın yaddaşı” proqramının həyata keçirilməsini gücləndirməyin zəruriliyini vurğulayır və UNESCO-nun sənədli irslərin tanıdılması səylərini alqışlayır. Qoşulmama Hərəkatı “Təhsil 2030 Gündəliyi”ni də dəstəkləyərək, UNESCO-nun bütün mövcud proqram və mexanizmlərdən istifadə edərək, qadın və qızlar arasında gender bərabərliyi və “Afrika Prioriteti” baxımından savadlı icmalar və cəmiyyətlər yaratmaq səylərini gücləndirməyə çağırıb.