“Modul tipli əlavə on xəstəxananın tikilməsi barədə qərar gələcəyə hesablanır”

Bu xəstəlik bir şeyi də göstərib – adətən hesab olunurdu ki, belə dəhşətli pandemiyalar, epidemiyalar, insanların yoluxucu xəstəliklərdən kütləvi şəkildə həlak olması ancaq geridə qalmış ölkələrdə mümkündür. Amma həyat onu göstərdi ki, bu, belə deyil. Həyat onu göstərdi ki, bu gün pandemiyadan ən çox əziyyət çəkən ölkələr inkişaf etmiş ölkələrdir. Əgər onlar bu məsələyə tam çarə tapa bilmirlərsə, əlbəttə ki, o qədər də inkişaf etməmiş, yaxud da geridə qalmış ölkələrdə vəziyyəti təsəvvür etmək çətin deyil.

Prezident İlham Əliyev bu sözləri iyulun 6-da koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalın açılışından sonra ölkə televiziyalarına müsahibəsində deyib.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışı keçirilib.

Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov hospital barədə məlumat verib. Modul tipli hospital 10 korpusdan ibarətdir və burada 800 xəstəni qəbul etmək üçün hər cür imkan var. Modul tipli hospitalda yaradılan şərait müalicə işi ilə yanaşı, laborator müayinələri də qısa müddətə və keyfiyyətlə aparmağa imkan verir.

Xatırladaq ki, ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə istiqamətində atılan addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində inşasına başlanılan 10 modul tipli xəstəxana kompleksinin 5-i artıq istifadəyə verilib. Bu xəstəxana kompleksləri ölkənin səhiyyə sisteminə əlavə 2000 çarpayılıq ehtiyat yaradır. Yeni inşa olunan modul tipli xəstəxanalar bu ehtiyatı daha da artırmağa imkan verəcək.

Dövlət başçısı bunu telejurnalistlərə müsahibəsində də diqqətə çatdırıb: “Bu xəstəxana 800 çarpayılıqdır. Bu ərazidə təqribən bir ay-ay yarım ərzində yeni xəstəxana inşa ediləcək. O da modul tipli xəstəxana olacaq. Orada çarpayıların sayı 1300-ə qədərdir. Yəni, təqribən iki ay ərzində biz 2 mindən çox xəstəni yerləşdirə biləcəyik. Beləliklə, xəstəliklə mübarizədə bizim əlavə imkanlarımız olacaqdır.

Bildiyiniz kimi, modul tipli 5 xəstəxana artıq fəaliyyətdədir. Bu xəstəxanaların tez bir zamanda inşa edilməsi onu göstərir ki, biz hətta seytnot vəziyyətdə lazımi addımları ata bilərik. Bildiyiniz kimi, heç bir ölkə bu pandemiyaya hazır deyildi. Bizim mövcud çarpayıların sayı adi rejimə hesablanmışdı. Ona görə, modul tipli xəstəxanaların tikintisi zəruri idi və biz bunu etdik. Bildiyiniz kimi, ikisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə, biri Abşeron rayonunda artıq fəaliyyətdədir və beşinin də tikintisi gedir. Hesab edirdik ki, on xəstəxana bizə kifayət edəcək. Ancaq görürük ki, əlavə xəstəxanalara ehtiyac olacaq. Ona görə, mən bu yaxınlarda göstəriş verdim ki, əlavə on modul tipli xəstəxana sifariş olunsun, onların yerləri müəyyən edilsin və biz ən kritik vəziyyətə hazır olmalıyıq”.

Prezident qeyd edib ki, aprel ayında modul tipli on xəstəxananın tikintisi ilə bağlı qərar veriləndə  xəstəliyin yayılması o qədər də geniş vüsət almamışdı: “O vaxt gündə təqribən 30, 40, 50, 60 insan xəstələnirdi. Əlbəttə, qabaqlayıcı tədbirlərin görülməsi zəruri idi. Ancaq biz təxmin edə bilməzdik ki, xəstəlik necə inkişaf edəcək. Lakin ehtimal var idi və dünyada gedən proseslər onu göstərirdi ki, xəstələrin sayı arta bilər. Belə olan halda biz çıxılmaz vəziyyətdə qalar, bu xəstələri harada yerləşdirərdik? Ona görə o vaxt bu qərarın qəbul edilməsi düzgün addım idi. Bu gün yenə də modul tipli əlavə on xəstəxananın tikilməsi barədə qərar gələcəyə hesablanır.

Ümumiyyətlə hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Onu da bildirməliyəm ki, bu xəstəxanaların 36-sı mənim sərəncamımla son müddət ərzində inşa edilibdir. Təsəvvür etmək çətin deyil ki, əgər bu xəstəxanalar tikilməsəydi, indi biz hansı problemlərlə üzləşə bilərdik. Beləliklə, bu gün bizim hələ ki, kifayət qədər boş çarpayılarımız var. Ancaq biz hər bir vəziyyətə hazır olmalıyıq”.

Dövlət başçısı vurğulayıb ki, dünyada koronavirus xəstəliyi daha geniş vüsət alır: “Bizim kimi, bəzi ölkələr yumşalma tədbirlərindən sonra gördülər ki, xəstəliyin yayılma tempi geniş vüsət alıbdır. Ona görə indi dünyada bir çox ölkələr yenidən məhdudlaşdırıcı tədbirlərə qayıdırlar. Hesab edirəm ki, bu, düzgün qərardır. Çünki bu gün bu xəstəliyin tam müalicəsi üçün peyvənd mövcud deyil. Belə olan halda yoluxanların sayı bundan sonra da arta bilər.

Bizə gəldikdə, bəri başdan bütün qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyəti nəzarətdə saxlaya bildik və bu gün də vəziyyət nəzarət altındadır. Baxmayaraq ki, hazırda gündə təqribən 500 yeni xəstə qeydə alınır, yəni, yoluxmanın tempi yüksəkdir, ancaq vəziyyət nəzarət altındadır. Əlbəttə, biz pandemiyanın ilk günlərindən çox önəmli addımlar atdıq. Fevral ayında bizim cəmi altı laboratoriyamız var idi. Hazırda bu laboratoriyaların sayı 29-a çatıb və 15 yeni laboratoriya sifariş edilib, yoldadır, gələcək və laboratoriyaların sayı 44-ə çatacaqdır. Bu, bizə imkan verəcək ki, daha çox test aparaq. Onu da bildirməliyəm ki, bu günə qədər 500 mindən çox test aparılıb və adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir”.

Prezident onu da bildirib ki, ölkəmizdə məhdudlaşdırıcı tədbirlərin görülməsi ilə bağlı addımlar vəziyyətə uyğun şəkildə atılır: “May ayının əvvəlində biz birinci yumşalma addımları atanda mən demişdim ki, xəstəliyin yayılma sürətinin artdığını görsək, yenidən sərtləşdirilmiş məhdudlaşdırıcı tədbirlərə qayıtmalı olacağıq, belə də oldu. Bu gün karantin rejiminin qüvvədə qalması hesab edirəm ki, düzgün addımdır. Bildirməliyəm ki, bir çox ölkələr yenə də karantin rejiminin daha da sərt formasına qayıdırlar.

Əlbəttə, hər bir məsələ müqayisə tələb edir və deyə bilərəm ki, bizimlə əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 mindir, ölənlərin sayı 10 mindir. O ölkələrin səhiyyə sistemi bir çox hallarda nümunə kimi göstərilirdi. Bu, onu göstərir ki, heç bir ölkə tam şəkildə özünü sığortalanmış hesab edə bilməz və bu xəstəlik sərhəd tanımır. Ona görə beynəlxalq əməkdaşlığa daha böyük ehtiyac var və Azərbaycan bu istiqamətdə lazımi addımları atır.

Biz, əlbəttə, bütün addımları atanda vəziyyəti dərindən təhlil edirik. Məhdudlaşdırıcı tədbirlər tətbiq olunanda, əlbəttə ki, mütəxəssislərlə, həkimlərlə məsləhətləşmələr aparılır. Yəni, biz bu işi kortəbii aparmırıq, ölçülüb-biçilmiş addımlar atırıq. Bu addımların əsas məqsədi insanlarımızı, onların sağlamlığını, həyatını bu xəstəlikdən qorumaqdır. Pandemiya dövründə bütün imkanlarımız səfərbər olunmalıdır ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək”.

Dövlət başçısı qeyd edib ki, son günlər yeni yoluxma sayı 500 ətrafındadır və hələ müsbət dinamikaya çıxmamışıq: “Xəstələnənlərin sayı sağalanların sayından çoxdur və bu mənfi dinamika, qeyd etdiyim kimi, bizim səhiyyə sistemimizə də əlavə yükdür. Ona görə indiki rejim nə qədər davam edəcək və bu rejim daha da sərtləşəcək, yoxsa yumşalacaq, yaxın gələcəkdə biz bunu görəcəyik. Yenə də demək istəyirəm ki, ilk gündən bu günə qədər burada dövlət tərəfindən bütün lazımi addımlar atılıbdır. Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Onlar sadə qaydaları gözləmirlər, bunlara əməl etmirlər. Ona görə biz məcbur olub cərimələri artırdıq. Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmağa məcbur oluruq. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidirlər. Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Amma biz görürük ki, insanlar bu rejimi nümayişkaranə pozurlar”.

Prezident vurğulayıb ki, pozuntularla bağlı polis orqanlarına ciddi göstəriş verilib: “Heç kim qanundan üstün deyil – istər yerli, istər xarici şirkət, istər yerli vətəndaş, istər xarici vətəndaş olsun, fərq etmir, biz xalqımızı qorumalıyıq, biz xalqımızın sağlamlığını qorumalıyıq. Eyni zamanda mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır”.

Prezident müsahibə zamanı pandemiya dövründə ölkəmizin sosial-iqtisadi vəziyyəti barədə də ətraflı danışıb. Bildirib ki, mövcud şəraitə baxmayaraq, heç bir sosial layihə təxirə salınmayıb, ixtisar edilməyib: “Əksinə, bu il büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir. Misal üçün, ən həssas təbəqəyə aid olan layihələr bu il daha böyük həcmdə icra edilir. Məsələn, bu il məcburi köçkünlər üçün rekord sayda binalar tikiləcək, 7 mindən çox köçkün ailəsi yeni mənzillərlə təmin ediləcəkdir. Şəhid ailələri üçün bu il rekord sayda – 1500 mənzil istifadəyə veriləcək, adətən ildə təqribən 700-800 mənzil təqdim edilir. İyirmi il orduda qüsursuz xidmət etmiş hərbçilərə bu il 400-dən çox mənzilin verilməsi nəzərdə tutulur. Biz ünvanlı sosial yardım alanların sayını artırdıq. Bu rəqəm təqribən 85 minə yaxınlaşır - 85 min ailə, yəni, 300 mindən çox insan. Digər önəmli sosial layihələr icra edildi. Bildiyiniz kimi, işsizləri, o cümlədən qeyri-formal sahədə işləyənləri dəstəkləmək, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan insanlara maddi yardım göstərmək və digər məqsədlər üçün təqribən 3 milyard manat vəsait nəzərdə tutulur və o vəsaitin bir hissəsi artıq xərclənib.

Ona görə biz nə qədər vəsait lazımdırsa, o qədər də ayıracağıq. Digər tərəfdən, baxmayaraq ki, iqtisadiyyatımız tənəzzülə uğrayıb, amma bəzi sahələrdə inkişaf da var. Misal üçün, kənd təsərrüfatı. Biz beş ayın yekunlarına görə bu sahədə 3 faizdən çox artım gördük. Kənd təsərrüfatı sahəsində aparılan islahatlar və şəffaflıq bu gün çox yaxşı nəticələrə gətirib çıxarır. Qeyri-neft sənayesi sahəsində artım beş ay ərzində 16 faiz olub. Bu da son illər ərzində sənayeləşmə prosesinin təzahürüdür”.

Dövlət başçısı jurnalistlərin sualına cavab olaraq Azərbaycanın pandemiya ilə mübarizədə xarici ölkələrə göstərdiyi humanitar yardımlar barədə də danışıb. Bildirib ki, bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişik və bu haqda elə də çox məlumat verilməyib. Çünki biz bunu piar üçün yox, sadəcə olaraq, ölkələrə həmrəylik borcu kimi edirdik.

“Bizim fəlsəfəmiz belədir. Mən əminəm ki, əgər kimsə yardım üçün müraciət edirsə, imkan daxilində o xahişlər təmin olunmalıdır. Çünki biz ancaq əməkdaşlıq, xeyirxahlıq, yardım və dəstək hesabına daha çox dost qazana bilərik. Biz bunu ardıcıllıqla, düşünülmüş siyasətlə etmişik. Biz heç vaxt hansısa bir ölkənin çətin vəziyyətindən istifadə edib özümüz üçün nəyisə qoparmağa çalışmamışıq. Həmişə kömək etməyə çalışmışıq. İndi kim bunun qədrini bilir, sağ olsun, kim bunu unudur, özü bilər. Hər halda bizim vicdanımız təmizdir. Bu dövrdə biz, əlbəttə, bundan sonra da yardımları göstərə bilərik və edəcəyik”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Prezident Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi məsələsinə də toxunub: “Bu təşəbbüsün reallaşması üçün bizə 97 səs lazım idi. Biz isə 130-dan çox ölkənin səsini qazandıq. Hesab edirəm ki, burada iki əsas amil öz rolunu göstərdi – bu mövzunun aktuallığı və beynəlxalq müstəvidə Azərbaycana olan dəstək və rəğbət. Biz bu rəğbəti uzun illər ardıcıl fəaliyyət hesabına, prinsipial, müstəqil siyasətimiz sayəsində qazanmışıq.

Mən dəfələrlə demişəm ki, biz müstəqil siyasət aparırıq və bizim siyasətimizə heç bir kənar qüvvə təsir edə bilməz. Müxtəlif məqamlarda bunu dəfələrlə nümayiş etdirmişik. Ona görə bu gün Azərbaycana olan rəğbət doğrudan da ən yüksək səviyyədədir. Biz doqquz il bundan əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişik. Bildirməliyəm ki, o vaxt bizdən əvvəl Ermənistan namizədliyini vermişdi. Ancaq görəndə ki, biz namizədliyimizi verdik, bizim qarşımızda aciz olduqlarını başa düşdülər və namizədliklərini sakitcə geri götürdülər – yəni, o diplomatik döyüş arenasından qaçdılar. Ondan beş il sonra döyüş meydanından qaçdılar və beləliklə, Azərbaycan işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad etdi. Ona görə bu, 10 ildən sonra yenidən bizə verilən böyük beynəlxalq dəstəkdir. Mən öz ölkəmizi heç kimlə müqayisə etmək istəmirəm. Amma hesab etmirəm ki, bir çox ölkələr BMT-də bu qədər dəstək qazana bilər. Bu, yenə də bizim dürüstlüyümüzün, sözümüzə əməl etməyimizin nəticəsidir. Mən dəfələrlə demişəm, bizim sözümüz imzamız qədər təsirlidir və bunun təsiri eynidir. Biz sözümüzü tutan ölkəyik”.

Azərbaycanın bu təşəbbüsünə tək bir ölkənin – Ermənistanın qarşı çıxmasına gəlincə, dövlət başçısı bildirib ki, bunun əsas səbəbi Ermənistanda hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır, bu, Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin təzahürüdür. Ermənistan bununla, əslində, özünü çox gülünc vəziyyətə qoyub. Çünki bu təşəbbüsün əleyhinə çıxmaq ağılsızlıqdır və qeyri-rasional düşüncənin məhsuludur: “Ermənistanın özü regionda və bəlkə də dünyada pandemiyadan ən çox zərər çəkmiş ölkələrdən biridir. İndi özləri etiraf edirlər ki, bu pandemiya ilə bacarmırlar. İndi özləri döymədikləri qapı qalmayıb ki, onlara yardım etsinlər. Yenə də dilənə-dilənə, yalvara-yalvara, oradan-buradan hansısa yardım hesabına yaşamağa çalışırlar. Belə olan halda onlar özləri maraqlı olmalıdır. İkincisi, bu, bir daha onların ksenofob, irqçi və faşist mahiyyətini göstərir. Çünki artıq dünya bunların əsl simasını dəfələrlə görübdür. Bu gün Ermənistanda faşizm ideologiyası üstünlük təşkil edir. Mən demişəm, rejim dəyişə bilər, amma bu ölkənin faşist ideologiyası dəyişməz olaraq qalır. Bu ideologiyanın hədəfində bizik. Onların Azərbaycanafob siyasəti bu gün də özünü büruzə verdi. Onlar özləri-özlərini dünyadan təcrid edirlər”.