Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 8-nə olan məlumatına görə, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 542 yeni yoluxma faktı qeydə alınıb, 465 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 21 916 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13 100 nəfər müalicə olunaraq sağalıb, 274 nəfər vəfat edib, 8 542 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 355, ötən müddət ərzində isə ümumilikdə 537 230 test aparılıb.

Qeyd edək ki, 23 iyun tarixindən etibarən ölkədə koronavirusa yeni yoluxma sayı 500-600 arasında dəyişir. Son günlər sağalma sayı ümumən artsa da, mənfi dinamika qalmaqdadır. İyulun əvvəlindən xəstəlikdən vəfat edənlərlə bağlı statistika isə belədir: 1 iyul – 7 nəfər; 2 iyul – 8; 3 iyul – 7; 4 iyul – 6;  5 iyul – 9; 6 iyul – 8; 7 iyul – 7.

Xatırladaq ki, iyulun 20-dək 16 şəhər və rayonda (Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərləri, Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonları)  sərtləşdirilmiş xüsusi karantin rejimi elan olunub. Nazirlər Kabinetinin 8 iyulda qəbul etdiyi qərara əsasən, Goranboy və Göygöl rayonlarının kəndlərində də bu rejim tətbiq olunacaq.