Azərbaycan Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda “Fəxri qonaq ölkə” statusunda təmsil olunacaq

2020-ci ilin 12-14 noyabr tarixində IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu keçiriləcək. Azərbaycan forumda “Fəxri qonaq ölkə” statusu ilə iştirak edəcək. Bu barədə razılıq 2018-ci ildə əldə edilib.

2019-cu ilin noyabrında isə VIII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu zamanı Azərbaycan nümayəndə heyəti bununla bağlı görüşlər keçirib, həmçinin “Fəxri qonaq ölkə” kimi təqdim edəcəyimiz silsilə mədəni proqramlara dair danışıqlar aparılıb.

Builki forum mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı əlaqələri mövzusuna həsr ediləcək. Bu barədə forumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, “Sivilizasiyaların mədəniyyəti – mədəniyyətlərin sivilizasiyası” mövzusuna həsr olunacaq IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun Azərbaycanla bərabər ikinci  “Fəxri qonaq ölkə”si Fransa olacaq. Almaniya forumun xüsusi qonağı statusunda olacaq.

Forumun mətbuat xidmətindən qeyd ediblər ki, sosial qarşılıqlı əlaqələrin adi modellərini ciddi sınaqlara məruz qoymuş pandemiya şəraitində mədəniyyət insanlara mürəkkəb vəziyyətdə gələcəyə əminlik, ümid və dəstək verən təmələ çevrilib. Forumun işində mədəniyyət xadimlərinin, akademik dairələrin və biznes təmsilçilərinin, mədəni siyasət liderlərinin iştirakı gözlənilir.

Tədbirin təşkilatçıları qismində Rusiya Federasiya Hökuməti, Sankt-Peterburq Mədəniyyət Komitəsi çıxış edirlər.

Qeyd edək ki, Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu dünyada bu sahə üzrə ən geniş platformaya malik tədbirdir. Keçən il forumda 96 ölkədən mədəniyyət işçiləri bir araya gəlmişdi.