Azərbaycan mədəniyyətinə itki üz vermişdir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Əməkdar artist Tofiq Hüseynov 2020-ci il iyul ayının 5-də, 71 yaşında vəfat etmişdir.

Tofiq Əbdülrəhim oğlu Hüseynov 1949-cu il iyunun 24-də Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirmişdir.

Ölkəmizin bir sıra teatrlarında fəaliyyət göstərən Tofiq Hüseynov Rza bəy (“O olmasın, bu olsun” - Ü.Hacıbəyli), Əzrayıl (“Bu meydan, bu şeytan” - F.Aşurov), Mərd Mazarov (“Adamın adamı” - Anar), Hacı Namazalı (“Danabaş kəndinin məktəbi” - C.Məmmədquluzadə), Tülkü (“Cücələrim” - T.Mütəllibov), Cəbi (“Hacı Qəmbər” - N.Vəzirov), Şah Kreon (“Medeya” - J.Anuy), Vəzir Zəban (“Tomris” - O.Altunbay) və s. obrazları canlandırmışdır. 

Tofiq Hüseynov 2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışmışdır. Onun bu teatrın səhnəsində yaratdığı Komisyonçu (“Kəllə” - N.Hikmət), Knyaz Orbeliani (“Brüsseldən məktublar” - H.Həsənov), Oqtay (“Rəqabət” - B.Vahabzadə), Hacı Kərim (“Ölülər” - C.Məmmədquluzadə), Rüstəm xan (“Eloğlu” - A.Şaiq), Qala rəisi (“Xurşudbanu Natəvan” - İ.Əfəndiyev), Bekar Ağabala (“Dirilən adam” - Mir Cəlal), Katib (“Ölüləri qəbiristanlıqda basdırın” - İ.Şıxlı), Ağamusa Fərəcov (“Dəlilər və ağıllılar”  - İ.Əfəndiyev), Əcəl “Alın yazısı” - T.Minnullin) və digər obrazlar tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

Aktyor “Marş”, “Dəvətnamə”, “O dünyadan salam”, “Ərazi”, “Cavid ömrü” və s. filmlərdə, eləcə də televiziya tamaşalarında çəkilmiş, özünəməxsus ifa manerası nümayiş etdirmişdir.

Tofiq Hüseynov 2009-cu ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülmüşdür.

Sənətkarın xatirəsi onu tanıyanların, həmkarlarının, sənətsevərlərin qəlbində daima yaşayacaqdır.

Allah rəhmət eləsin.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı