Türkiyədə internet üzərindən yayım həyata keçirən “Can Azərbaycan” radiosunun təkmilləşdirilmiş mobil versiyası istifadəyə verilib. Bu barədə məlumat verən “Can Azərbaycan” media şirkətinin rəhbəri Namık Kamal Yıldırım bildirib ki, radionu www.canazerbaycanradyo.com səhifəsindən, eləcə də play.google.com–dan telefona yükləməklə dinləmək olar.

“2018-ci ildən hazırlanan mobil tətbiq əvvəl sadə xəbər radiosu olaraq fəaliyyətə başlayıb. Hazırda yenilənmiş versiya vasitəsilə dinləyicilər Azərbaycan və vətəndən kənarda yaşayan azərbaycanlılarla bağlı gündəlik xəbərləri əldə edə biləcəklər. Bununla yanaşı, 15 bölmədən ibarət radio-yayımda Azərbaycan milli musiqisi, ədəbiyyatı, sənət adamları barədə geniş məlumat verilir. Bizim üçün burada ən vacib olanı isə “Qarabağ” bölməsidir. Bu bölmədə Azərbaycanın işğal altındakı tarixi torpaqları barədə həqiqətlər dünyaya çatdırılır, Ermənistanın bu işğala son verməsi üçün çağırışlar yayımlanır”.

N.K.Yıldırım qeyd edib ki, internet radionun fəaliyyətini genişləndirməklə onu radio portalına çevirməyi planlaşdırırlar: “Bundan başqa, mobil tətbiqə Azərbaycanda fəaliyyət göstərən bir sıra radio tezlikləri də əlavə edilib. Bir sözlə, onu deyə bilərəm ki, tətbiqi ödənişsiz olaraq telefona yükləməklə Azərbaycan barədə geniş məlumat əldə etmək olar”.

Onun sözlərinə görə, “Can Azərbaycan” internet radiosu Türkiyə ilə Azərbaycanın tarixi qardaşlıq bağlarını, ulu öndər Heydər Əliyevin artıq bir şüara çevrilmiş “Bir millət, iki dövlət” sözlərinin gözəl nümunələrindən biridir. Bu, eyni zamanda “Can Azərbaycan” media şirkətinin Türk dünyasına bir hədiyyəsidir.