Koronavirus pandemiyasından ən çox zərər görmüş ölkələrdən olan İspaniya Avropa İttifaqına daxil olmayan 12 ölkənin vətəndaşları üçün iyulun 4-dən sərhədləri açıb.  Avropa İttifaqı Şurasının tövsiyə etdiyi siyahıya bu ölkələr daxildir: Gürcüstan, Serbiya, Avstraliya, Kanada, Yaponiya, Monteneqro, Yeni Zelandiya, Ruanda, Cənubi Koreya, Tailand, Tunis və Uruqvay.

Aİ Şurasında qeyd ediblər ki, hər bir konkret dövlətdə mövcud epidemioloji vəziyyətdən asılı olaraq ölkələrin siyahısına iki həftədə bir dəfə yenidən baxılacaq.

İspaniyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə Çin, Mərakeş və Əlcəzair üçün də sərhədləri aça bilər, bu şərtlə ki, həmin ölkələr də ispanlar üçün sərhədlərini açsınlar.

Xatırladaq ki, Avropa İttifaqı ölkələrinin bir-biri ilə sərhədləri iyun ayında açılıb.

Avropa İttifaqını tərk etmiş Böyük Britaniyada isə hökumət ölkəyə daxil olan turistlərə tətbiq edilən karantin rejiminə bəzi dəyişikliklər edib. Dəyişikliklərə əsasən, 20-dək ölkədən gələn turistlərə 14 günlük karantin rejimi tətbiq olunmayacaq. Bu sırada Türkiyə də var. Həmin ölkələrin vətəndaşları iyulun 10-dan etibarən Böyük Britaniyaya səfər edə biləcəklər.

Monteneqro sərt karantindən çıxsa da, ölkə hökuməti bu yay planlaşdırılan bütün irimiqyaslı festival tədbirlərini qadağan etmək qərarına gəlib. Əsasən uşaq festivalları təxirə salınıb. Daha kiçikmiqyaslı yay mədəni tədbirləri planlaşdırılarkən müvafiq qurumların epidemioloji tövsiyələri nəzərə alınmalıdır.

Koronavirus pandemiyasının nisbətən sabit keçdiyi Gürcüstanda karantin rejiminin  yumşaldılması ilə bərabər, epidemioloji qaydalara dair ciddi qadağalar davam edir. Qapalı məkanlarda, ictimai yerlərdə, ofis və mağazalarda tibbi maska taxmaq və sosial məsafə saxlamaq məcburidir. İctimai nəqliyyatda kondisionerlərin və digər sərinləşdirici vasitələrin quraşdırılması, maskasız ictimai nəqliyyata əyləşmək, qapalı məkanlarda tədbirlərin keçirilməsi, açıq havada 10 nəfərdən artıq adamın iştirakı ilə mərasimlərin təşkili qəti qadağandır. Qaydaları təkrar pozan şəxslər hətta azadlıqdan məhrum edilə bilərlər.

Gürcüstandan bir sıra istiqamətlərdə təyyarə uçuşları başlansa da, ölkənin quru  yolu hələ bağlıdır. Baş Nazir Giorgi Qaxariya bildirib ki, sərhədləri açmaq üçün tələsik addımlar atmaq olmaz.