Prezident İlham Əliyev: “Şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq”

Məlum olduğu kimi, iyulun 12-dən başlayaraq Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində vəziyyət gərginləşib. Ermənistan tərəfi sərhəddə növbəti dəfə hərbi təxribat törədərək Azərbaycan mövqelərini ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərib. Düşmənin bu cəhdlərinin qarşısı hərbi qüvvələrimiz tərəfindən alınıb.

İyulun 12-də günün ikinci yarısı, eləcə də iyulun 13-də və 14-də sərhəddə gedən qızğın döyüşlərdə hərbçilərimiz böyük rəşadət və qəhrəmanlıq göstərərək düşmənə mövqelərimizə doğru irəliləməyə imkan verməyiblər. Düşmənin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və yüzlərlə canlı qüvvəsi məhv edilib.

Döyüşlərdə Azərbaycan Ordusu da itkilər verib. Döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Polad Həşimov qəhrəmancasına şəhid olub. Həmçinin 12-14 iyul tarixində sərhəddə düşmənin hücumunun qarşısının alınması zamanı 10 zabit və əsgərimiz həlak olub. İgid Vətən oğulları sərhədimizi canları bahasına qoruyaraq düşmənin istəyini qursağında qoyublar.

***

Düşmənə ağır zərbə vurulub, həlak olan hərbçilərimizin qisası alınıb və bundan sonra da alınacaq. Şəhidlərimizin qanı yerdə qalmayacaq.

Bu fikri iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bəyan edib.

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında  sərhəddəki vəziyyət müzakirə olunub.

Dövlətimizin başçısı çıxışında diqqətə çatdırıb ki, dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribat törədilməsi birinci dəfə deyil: “Son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda, mülki şəxslər həlak olmuşdur. Dünən günorta saatlarında onların növbəti təxribatı nəticəsində bir neçə hərbçimiz həlak olmuşdur. Qəflətən bizim hərbi postumuza artilleriya atəşi açılıb və bu çirkin əməl nəticəsində hərbçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət etsin, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm.

Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər”.

Prezident vurğulayıb ki, sərhəddə gərgin vəziyyət davam edir və bunun bütün məsuliyyətini Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır: “Çünki məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir. Bir tərəfdən, beynəlxalq ictimaiyyətə müraciət edir və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir. Digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək istəyir, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur. Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq. Bütün məsuliyyət Ermənistanın rəhbərliyi üzərinə düşür. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq. Dünən günorta saatlarında və bu gün gecə düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərdi. Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq”.

Dövlət başçısı qeyd edib ki, bu çirkin əməllərə əl atmaq Ermənistan tərəfin təcavüzkar siyasətinin təzahürüdür: “Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin.

Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib və operativ vəziyyət imkan verən kimi biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrini həmin əraziyə dəvət edəcəyik, onlar öz gözləri ilə vəziyyəti görsünlər. Görsünlər ki, kim bu hərbi təxribatı törədib. Bu hərbi təxribat nəticəsində nələr baş verib və kim vəziyyətin gərginləşməsinə cavabdehlik daşıyır. Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq”.

Prezident bildirib ki, Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edib: “Eyni zamanda, ölkəmizin son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar onları çox narahat edir və onlarda paxıllıq hissini daha da gücləndirib. Xüsusilə, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyətimiz, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, əlbəttə ki, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurubdur. Eyni zamanda, mötəbər kürsülərdən müntəzəm olaraq həm münaqişənin tarixi ilə, həm bölgənin tarixi ilə bağlı gətirdiyimiz konkret faktlar, inandırıcı əsaslandırmalar, əlbəttə ki, onların təbliğatını alt-üst edir. Artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bunu təsdiqləyən kifayət qədər sənədlər var və bu sənədləri biz indi geniş beynəlxalq ictimaiyyətə təqdim edirik”.

Dövlət başçısı onu da xatırladıb ki, Ermənistan artıq uzun müddətdir münaqişə ilə bağlı öz addımlarında xüsusilə Ermənistan-Azərbaycan dövlət sərhədini misal gətirərək belə bir rəy formalaşdırmaq istəyir ki, guya Azərbaycan Ermənistan ərazisinə hücumlar edir: “Halbuki bu, yalandır. Bütün hücumlar Ermənistan tərəfindən törədilir və bunun kifayət qədər sənədləri var, video-foto sənədləri var. Azərbaycan isə sadəcə olaraq, bütün təxribatlara adekvat cavab verir. Əgər Ermənistan ərazisindən Azərbaycan mövqelərinə, Azərbaycan kəndlərinə atəş açılırsa, təbii ki, biz adekvat cavab verəcəyik və veririk”.

Prezident vurğulayıb ki, son vaxtlar Azərbaycanın beynəlxalq arenada çox böyük uğurlara imza atması da erməni tərəfi belə təxribata sövq edib. COVİD-19 pandemiyası ilə bağlı BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması barədə Azərbaycanın təşəbbüsünü 130-dan çox ölkə dəstəkləyib və Ermənistan bu təşəbbüsün əleyhinə çıxaraq bir daha özünü rüsvay və dünyadan təcrid edib: “Ona görə beynəlxalq arenada Ermənistan demək olar ki, bütün dayaqlarını itirməkdədir. Daxili vəziyyət kifayət qədər gərgindir. Vəd olunan dırnaqarası çiçəklənmə, artıq hər kəs tərəfindən başa düşülür ki, bu, xülyadır, bu, yalandır. Əlbəttə ki, dünənki hadisə ilə bağlı Ermənistan rəsmi orqanlarının açıqladığı məlumat yalanın növbəti əlamətidir. Bu məlumatda onlar məsuliyyəti Azərbaycanın üzərinə yıxmaq istəyirlər. Halbuki buna heç bir əsas yoxdur və bir daha demək istəyirəm ki, - bütün müstəqil ekspertlər bunu təsdiq edə bilər, - heç bir əsas olmadan bizim hərbi postumuza artilleriya zərbəsi endirilib. Məhz bunun nəticəsində bizim hərbçilərimiz həlak olub. Onların gücü ona çatır ki, ancaq mülki əhalini atəşə tutsunlar, ya da ki, qəflətən bizim hərbi postumuza atəş açsınlar. Bunu da onlar etdilər və bir daha öz çirkin və məkrli mahiyyətlərini ortaya qoydular.

Mən bir daha demək istəyirəm ki, dünən və bu gecə düşmənə adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaqdır. Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik”.