Türkiyədə Demokratiya və Milli Birlik Günü ilə əlaqədar silsilə mərasimlər keçirilib

Türkiyədə 15 İyul – Demokratiya və Milli Birlik Günü geniş şəkildə qeyd olunub. Ölkənin bütün vilayətlərində dörd il əvvəl törədilən dövlət çevrilişi cəhdinin qarşısının alınmasının ildönümü ilə əlaqədar təsis edilən bu günə geniş hazırlıq işləri görülüb. Ölkənin hər yerində silsilə mərasimlər – anım tədbirləri, bədii proqramlar keçirilib.

Ankarada Prezident Administrasiyasının divarlarında faciəli gecənin gerçəklərini anladan işıqlandırma olub. İstanbul boğazında səmada 200 pilotsuz aparatla dövlət simvolları görkəmində “üzən ulduzlar” işıqlandırma mərasimi təşkil olunub. Sultanəhməd meydanında al-əlvan geyimdə yüz könüllünün iştirakı ilə əvvəlcə Türkiyə xəritəsinin bənzərində dövlət bayrağı, sonra “Tək millət, tək bayraq, tək dövlət”, “15 Temmuzu unutma” və “15 Temmuz demokratiya zəfəri” mövzularında xoreoqrafik nümunələr təqdim olunub.

Digər böyük şəhərlərdə də bənzər mərasimlər təşkil olunub. On minlərlə insan nümayişləri seyr edib. Ölkədəki bütün məscidlərdən şəhidlərin ruhuna dualar oxunub.

Prezident Rəcəb Tayyib Ərdoğan Demokratiya və Milli Birlik Günü münasibətilə xalqa xitab edib. Dörd il əvvəl ölkənin işğal cəhdinə məruz qaldığını diqqətə çatdıran dövlət başçısı deyib ki, Türkiyə xalqı şanlı qəhrəmanlıq nümayiş etdirərək dövləti fəlakətdən qoruyub.

Bundan başqa, Prezident Rəcəb Tayyib Ərdoğan 2016-cı il iyul hadisələrində şəhid olanların ailə üzvləri və qazilərlə birlikdə Ankarada “15 Temmuz” abidəsi önünə tər çiçəklər düzüb, birlikdə nahar edib. Türkiyə Böyük Millət Məclisində də rəsmi mərasim keçirilib.

Proqrama əsasən, iyulun 14-də axşam Prezident Administrasiyasının bağında tanınmış bəstəkar və pianoçu Fahir Atakoğlunun bəstələdiyi “15 Temmuz dastanı” simfonik əsəri ilk dəfə səhnədə yer alıb.

Konsertdə Prezident Administrasiyasının Simfonik Orkestri, Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Çoxsəsli Xoru və tanınmış sənətçi Sami Savni Özer birgə çıxış ediblər.

Verilən məlumata görə, ümumilikdə 2 mindən çox tədbir və proqramın bir hissəsi ölkə xaricində keçirilib.

Qeyd edək ki, FETÖ terror təşkilatı 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd göstərib. Nəticədə 251 nəfər şəhid olub, 2 mindən çox insan yaralanıb. Türkiyə xalqı Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında birləşərək dövlətçiliyini əzmlə qoruyub. Azərbaycan xalqı və dövləti də 15 iyul hadisələrində Türkiyənin yanında olub, qardaş dövlətə dəstəyini ifadə edib.

Mehparə SULTANOVA
Ankara