“Bloomberg” agentliyi dünyada informasiya texnologiyaları sahəsində ən çox  qazanan rəhbər şəxslərin yeni reytinq cədvəlini tərtib edib.

“Apple” şirkətinin rəhbəri Tim Kuk hazırda informasiya texnologiyaları sahəsində ən yüksək əməkhaqqı alan icraçı direktordur. Ötən il onun qazancı 133 milyon dollar olub. T.Kuk həmçinin dünya üzrə bütün icraçı direktorlar arasında ikinci yeri tutub. Birinci pillədə 2019-cu ildə 595 milyon dollar qazanan “Tesla” şirkətinin sahibi İlon Mask qərarlaşıb.

“Apple” rəhbərinin İT sahəsi üzrə rəqiblərinə gəldikdə isə, ona daha çox yaxın olan, ötən il 99 milyon dollar əldə etmiş “İntel” şirkətinin icraçı direktoru Robert Svondur.

Sonrakı mövqedə 86 milyon dollar əməkhaqqı ilə “Alphabet İnc.”in rəhbəri Sundar Piçai yer alıb. “Microsoft”un icraçı direktoru Satya Nadella keçən il 77 milyon dollar əməkhaqqı ilə 9-cu yeri tutub.

Qeyd edək ki, “Apple” şirkəti dünyanın ən bahalı şirkətidir və  onun icraçı direktorunun ən yüksək əməkhaqqı alması da təəccüb doğurmur. Məlumata görə, T.Kuk tərəfindən ötən il əldə edilən bütün vəsaitlər ianə olunacaq.

Bu arada “Apple” şirkəti əlavə reallıq texnologiyasına malik “ağıllı” eynəyin hazırlanmasında vacib mərhələyə çatıb. “Apple” və onun istehsalçı tərəfdaşı “Foxconn” ilk dəfə qurğu üçün yarımşəffaf linzaların ayrı-ayrı prototiplərinin yaradılması mərhələsindən təcrübi istehsala keçiblər. Linzalar hazırda “iPad” planşetlərinin əksər hissəsinin yığıldığı Çinin Çendu şəhərindəki zavodda yaradılır. Qurğunun dizayn və konstruksiyasını tam müəyyənləşdirən “Apple” kütləvi istehsal üçün onun yararlılığını yoxlamağa başlayıb.

İLONA