“Hər hansı bir yarımçıq həll bizə lazım deyil. Çünki bu, müvəqqəti olacaq”

İyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təqdimat mərasimində iştirak ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına və birinci xanıma məlumat verib ki, dövlət tərəfindən bu binada şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 62 mənzil verilib. Bu mənzillərin 42-si Qarabağ müharibəsi əlilləri, 20-si isə şəhid ailələri üçün nəzərdə tutulub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mənzillərdə yaradılan şəraitlə tanış olublar.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşüblər. Dövlətimizin başçısı görüşdə çıxış edib.

Prezident qeyd edib ki, şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb: “Təkcə onu demək kifayətdir ki, 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilibdir. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir... Müqayisə üçün deyə bilərəm ki, keçən il 934 mənzil verilmişdir, bu il isə 1500, ondan əvvəlki illərdə təqribən ildə 500-600-700. Yəni, bu, onu göstərir ki, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Mən istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna nail olacağıq”.

Dövlət başçısı bildirib ki, məcburi köçkünlərin məişət problemlərinin həlli məqsədilə mühüm layihələr icra olunur. Bu il 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcək: ”Bu, bir daha onu göstərir ki, biz bu məqsədlər üçün istənilən xərclərə gedirik, bunu təmin edirik və şadam ki, mənim çağırışımdan sonra özəl sektor da bu işlərə qoşulub. Bildiyiniz kimi, özəl şirkət – “Paşa Holdinq” tərəfindən onun vəsaiti hesabına Qobu qəsəbəsində məcburi köçkünlər üçün 3 şəhərcik inşa edilibdir və orada artıq 4 minə yaxın köçkün ailəsi məskunlaşıb. Eyni zamanda, şəhid ailələri, müharibə əlilləri üçün evlərin tikilməsinin, əlbəttə ki, böyük hissəsini dövlət öz üzərinə götürübdür. Ancaq özəl sektor da artıq fəaldır və bu il “Kapital Bank” 68 mənzili öz vəsaiti hesabına bu kateqoriyadan olan insanlara təqdim edib. Bu, həm ölkəmizdə mövcud olan vətəndaş həmrəyliyinin, dövlət siyasətinin təzahürüdür, dövlət və özəl sektor tərəfindən bu kateqoriyadan olan insanlara qayğının əlamətidir və eyni zamanda, ölkəmizin gücünü göstərir”.

Prezident daha sonra deyib: “Biz son illər ərzində iqtisadi sahədə o qədər böyük potensial yaratmışıq ki, bu gün bu işləri görə bilirik. Əgər bu potensial olmasaydı, biz bu işləri nəyin hesabına görə bilərdik, kim bizə kömək göstərərdi? Təsadüfi deyil ki, müstəqilliyimizin ilk illərində bizim belə imkanlarımız yox idi və məhz buna görə köçkünlər çadırlarda yaşayırdı, şəhid ailələri üçün evlərin təqdim edilməsi, ümumiyyətlə, mümkün deyildi. Bununla paralel olaraq, bizim güclü sosial siyasətimiz var. Çünki iqtisadi güc, ilk növbədə, ona görə lazımdır ki, ölkə daha da qüdrətli olsun, öz maraqlarını təmin etsin və insanlar daha da yaxşı yaşasınlar.

Mövcud pandemiya şəraitində də Azərbaycan dövləti sosial layihələri davam etdirir. Bu il pandemiya dövründə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub”.

Prezident diqqətə çatdırıb ki, pandemiyanın doğurduğu böhranla bağlı dünyanın 150 ölkəsi kredit üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Azərbaycan bu siyahıda yoxdur, çünki biz öz hesabımıza yaşayırıq: “Neftin qiyməti kəskin aşağı düşür, buna baxmayaraq, biz bu işləri görürük. Budur siyasət. Bu, bizim şəhid ailələrinə, şəhidlərin ruhuna olan hörmətimizdir. Amma əfsuslar olsun, ölkə daxilində elələri tapılır ki, neftin qiymətinin düşməsinə sevinirlər. Buna kim sevinir? Mən demişəm, bir daha demək istəyirəm ki, qoy, Azərbaycan xalqı bunu bilsin və unutmasın. Birincisi, Ermənistan sevinir, çünki başa düşürlər ki, əgər bu tənəzzül davamlı olarsa, Azərbaycanın gəlirləri azalacaq, ona görə öz xərclərini azaldacaq, lazımi həcmdə silah-sursat ala bilməyəcək və beləliklə, zəifləyəcək və Ermənistan da bundan faydalanacaq. Buna Ermənistan sevinir, bu, təbiidir. Amma başadüşülən deyil ki, buna Azərbaycanın bəzi vətəndaşları, yaxud da ki, özlərini Azərbaycan vətəndaşı sayanlar sevinir. Bu məlumat artıq ictimailəşib. Özünü milli şura adlandıran, əslində, antimilli qruplaşma kimi fəaliyyət göstərən dəstə görün necə sevinirdi ki, neftin qiyməti 14 dollara düşüb. Bir-birinə “şad xəbər” verirlər, təbrik edirlər və bəziləri deyir ki, hələ tələsməyin, hələ düşəcək, o vaxt sevinəcəyik”.

Prezident vurğulayıb ki, bu məsələdə Azərbaycan xalqı hər şeyi bilməlidir: “Mən deyəndə ki, bu, düşmənçilikdir, bu, müxalifətçilik deyil, - müxalifətçilik dövlətə qarşı ola bilməz, - mən tam haqlıyam. Bizi yenə də o qara günlərə qaytarmaq istəyirlər. O günlərə ki, biz o vaxt torpaqlarımızı itirmişik, məhz Azərbaycan Xalq Cəbhəsinin mənfur hakimiyyətinin yarıtmaz fəaliyyəti, satqınlığı nəticəsində torpaqlarımızı itirmişik. Onların hakimiyyət uğrunda gedən mübarizəsi nəticəsində torpaqlarımızı itirmişik.

Şuşa kimi alınmaz qalanı ermənilərə satan satqınlar xəyanətkar deyil, bəs nədir?! Siz bunları yaxşı bilirsiniz. Məhz o dövrdə siz yaxınlarınızı itirmisiniz, öz sağlamlığınızı itirmisiniz, hər şeyi yaxşı xatırlayırsınız, o qara günləri xatırlayırsınız. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan müstəqil ölkə kimi qalacaqdı-qalmayacaqdı, bu, hələ böyük sualdır. Amma bizi yenə də o dövrə qaytarmaq istəyirlər. Bax, budur neftin qiymətinin düşməsinə sevinənlər”.

Dövlət başçısı bu yaxınlarda Ermənistanın Azərbaycanla sərhədin Tovuz istiqamətində törətdiyi hərbi təxribat, hərbçilərimizin şəhid olması, bu təxribata cavab olaraq ordumuzun düşmənə ağır zərbə endirməsi və bu hadisələrin ölkəmizin hər yerində, o cümlədən Bakıda böyük rezonans doğurmasından da danışıb. Prezident bu xüsusda iyulun 14-də gecə Bakıda şəhidlərimizə ehtiram və ordumuza dəstək nümayişi olan aksiyaya toxunub: “Ancaq bəzi çirkin ünsürlər, Azərbaycan Xalq Cəbhəsinin üzvləri bundan istifadə edib iğtişaş yaratmağa cəhd etdilər, parlament binasına soxuldular, orada dağıntılar etdilər... Yəni, xalqın iradəsi öz yerini tapmışdır, bunu bayram etmək lazımdır. Amma girib parlamentin binasının divarlarını, kabinetlərini dağıtmaq, sökmək nəyə lazım idi?! Bunu kim edə bilər? Düşmən, başqa heç kim. Görün, bu adamlar hansı miskin və aciz gündədirlər. Hanı bunların “hünəri”, hanı bunların “qəhrəmanlığı”? İndi qanun qarşısında cavab verəcəklər. Mən demişəm, bir daha da demək istəyirəm, bu cinayətləri, bu əməlləri törədən heç bir adam məsuliyyətdən qaça bilməyəcək”.

Prezident deyib: “İndi Azərbaycan o Azərbaycan deyil. Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var. Mən bu günlərdə hər gün bəlkə də minlərlə məktub alıram. O məktublarda vətəndaşlar öz dəstəyini ifadə edirlər, həmrəylik ifadə edirlər, mənim çıxışımdan sonra orduda xidmət etmək istəyirlər”.

Dövlət başçısı vurğulayıb ki, onun 15 iyuldakı çıxışından sonra  heç bir həftə keçməyib, artıq əlli minə yaxın insan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məntəqələrinə gedərək hərbi xidmət üçün yazılıb: “Mən onlara təşəkkür edirəm. Bax, budur Azərbaycan xalqı, budur Azərbaycan gənci. Parlamentin şüşələrini, qapılarını qıran yox. Budur, bu gün Qarabağda ölümə getməyə hazır olan Azərbaycan gənci.

Mən bir daha onlara, onların valideynlərinə təşəkkürümü bildirirəm. Onlar xalqımız, dövlətimiz üçün dəyərli övladlar yetişdiriblər. Bir daha demək istəyirəm ki, Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra edə bilər. Azərbaycan Ordusu tam komplektləşdirilib və əgər əlavə canlı qüvvə lazım olarsa, əlbəttə ki, biz bundan istifadə edəcəyik”.

Prezident bildirib ki, səfərbərliyin elan edilməsinə hələ ki, heç bir ehtiyac yoxdur. Əgər lazım gələrsə, bu da olacaq: “Mən demişəm, bir daha demək istəyirəm, - çox da dərinə getmək istəmirəm, - biz bilirik, nə vaxt, necə, nəyi etmək lazımdır. Biz öz siyasətimizdən əl çəkməyəcəyik. Bizim siyasətimiz ədalətli siyasətdir. Bizim siyasətimiz həm beynəlxalq hüquqa, tarixi ədalətə söykənir və biz istədiyimizə nail olacağıq”.

Prezident çıxışında son hadisələrlə bağlı müxtəlif ölkələrin Azərbaycana verdiyi dəstəkdən də söz açıb, qardaş Türkiyənin mövqeyini xüsusi qeyd edib: “Təbii ki, ilk dəstək, ilk qardaşlıq addımı qardaş Türkiyədən gəldi. Türkiyə Cümhuriyyətinin hörmətli Prezidenti, mənim qardaşım Rəcəb Tayyib Ərdoğan birmənalı şəkildə Azərbaycanı dəstəklədi, bildirdi ki, Azərbaycanın yanındadır. Bildirdi ki, Azərbaycan və Türkiyə, iki qardaş ölkə hər zaman bir yerdə olacaqlar. Bu dəstəyə görə mən öz qardaşıma dərin təşəkkürümü bildirmək istəyirəm. Bu günlərdə biz daim təmasdayıq. Mənə telefonla zəng edib, dəstək ifadə edib, şəhidlərimizin həlak olması ilə əlaqədar başsağlığı verib. Deyib ki, biz sona qədər bir yerdəyik.

Bir çox ölkələr fərdi qaydada rəsmi şəxslər səviyyəsində dəstək göstərmişlər. Ona görə də mən onlara minnətdaram. Beynəlxalq təşkilatlar, ilk növbədə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycana dəstək göstərmişdir. Bu təşkilatda beş ölkə fəaliyyət göstərir - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan. Onlar bu təşkilatın üzvləridir və Azərbaycana birmənalı dəstək göstərmişlər. Mən də cavab məktublarımda bu ölkələrin dövlət başçılarına öz təşəkkürümü bildirmişəm. Bu məktublar mətbuatda dərc edilib.

İslam Əməkdaşlıq Təşkilatı bizə birmənalı dəstək oldu. Orada 57 ölkə birləşir. Bu, həm haqq-ədalətə verilən, həm də Azərbaycana verilən dəstəkdir”.

Dövlət başçısı bu günlər özünə havadar axtaran Ermənistanın düşdüyü vəziyyətdən də danışıb: “Yəqin siz eşitmişiniz ki, biz Ermənistana başından güclü zərbə vurandan sonra onlar dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qaçdılar ki, bunları müdafiə eləsin. Tələb edirdilər ki, KTMT Azərbaycanı qınayan bəyanat versin. Buna nail ola bilmədilər, heç bir bəyanat verilmədi. Sadəcə olaraq, bu hadisə ilə bağlı ümumi sözlərdən ibarət bir şərh verildi, vəssalam. Ancaq bildirməliyəm ki, KTMT-ya 6 ölkə üzvdür. Onlardan üçü beynəlxalq təşkilatlar yolu ilə Azərbaycana dəstək göstərdilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında, eyni zamanda, KTMT-da üzv olan Qazaxıstan və Qırğızıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası vasitəsilə bizə dəstək oldular. Belarus Qoşulmama Hərəkatında təmsil olunur. O da Qoşulmama Hərəkatının bəyanatına qoşularaq bizə dəstək oldu. Yəni, altı ölkədən üçü Azərbaycanı birmənalı şəkildə dəstəklədi və başqa cür ola bilməzdi. Çünki biz onlarla dostuq, yaxşı günlərdə, çətin günlərdə onlar bizə etibar edə bilərlər”.

Prezident çıxısının sonunda deyib: “Beləliklə, bütün bu məsələlər bir daha onu göstərir ki, bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib. Bunu biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq. Bizim üçün bir nömrəli milli məsələ - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə demişəm - beynəlxalq təşkilatlarda, beynəlxalq kürsülərdən, ölkə daxilində. Çox da təkrarlamaq istəmirəm, amma bir şeyi istəyirəm Azərbaycan xalqı bilsin ki, bu, milli məsələdir. Biz bu məsələni elə həll etməliyik ki, bu həll Azərbaycan xalqını tam təmin etsin. Hər hansı bir yarımçıq həll bizə lazım deyil. Çünki bu, müvəqqəti olacaq. Yarımçıq, sadəcə, mərhələ ola bilər. Ancaq məsələnin həlli tam olmalıdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır. Budur mənim siyasətim və bu, siyasətimin bir hissəsidir, o hissəsi ki, bu haqda hələ ki, açıq danışmaq olar.

Mənim fikrim nədən ibarətdir, siz hamınız yaxşı bilirsiniz. Azərbaycan öz tarixi keçmişinə sadiq olan ölkədir və tarixi yaxşı bilirik. Gələcəyi necə görmək istəyirik, onu da bilirik və Azərbaycan xalqı da bilir. Ona görə, ölkəmizin ərazi bütövlüyü danışıqlar predmeti deyil, olmayıb, olmamalıdır və olmayacaq. Biz öz doğma torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq. İnşallah, ondan sonra orada sizinlə bir yerdə görüşüb bu günləri də xatırlayacağıq”.