Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dördüncü kurs tələbəsi, Beyləqan rayon sakini Təbriz Soltanlı Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovun büstünü hazırlayıb.

O bildirib ki, “Nur üzlü şəhidim” adlandırdığı əsəri general-mayor Polad Həşimovun şəhid olduğu gün hazırlamağa başlayıb: “General-mayorun ön xəttə, əsgərlərlə bir yerdə şəhid olması məni çox təsirləndirdi. Büstü hazırlamaqla şəhidlərimizin nur üzlü olmasını, ölməzliyini ifadə etmək istəmişəm”.

İndiyədək Əməkdar artist Səməndər Rzayevin, görkəmli şairlər Mikayıl Müşfiqin, Əhməd Cavadın büstlərini, Milli Qəhrəman Mübariz İbrahimovun heykəlini yaradan Təbriz Soltanlının ən böyük arzusu Şuşanın işğaldan azad edilməsi ilə bağlı kompozisiya hazırlamaqdır.