Ermənistan ordusunun Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi təxribata və hücum cəhdinə etiraz olaraq qardaş Türkiyədə ölkəmizə dəstək aksiyaları davam edir.

İyulun 23-də Ankaranın Keçiörən Bələdiyyəsinin qarşısında “Bir millət, iki dövlətik. Azərbaycan-Türk ordusunun əsgəriyik” sloqanlı tədbir keçirilib.

Bələdiyyə sədri Turqut Altınok Ermənistanın sərhəddəki hücumlarından danışaraq “Ermənistan ağlını başına toplamalıdır, Azərbaycan və Türkiyə birgə ayağa qalxsa, Ermənistan adlı bir dövlət qalmaz”, – deyə bildirib.

Türkiyə Böyük Millət Məclisində Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım beynəlxalq təşkilatların tutduğu loyal mövqeyi kəskin tənqid edərək Türkiyə və Azərbaycanın güclərini birləşdirərək bu problemi həll etməsinin vacibliyini vurğulayıb.

Ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim 23 iyulun Azərbaycanın Ağdam rayonunun işğalının 27-ci ildönümü olduğunu xatırladaraq  qeyd edib ki, təkcə Qarabağda deyil, Ermənistanla sərhəd olan bütün ərazilərimiz hər zaman erməni hücumlarına məruz qalıb. Səfir bildirib ki, Türkiyənin prinsipial mövqeyi,  Azərbaycanın yanında olması dövlətimizi və xalqımızı gücləndirir.

Qeyd edək ki, aksiyaya Keçiörən Bələdiyyəsi Məclisinin üzvləri, Türkiyə-Azərbaycan Həmrəyliyi Təşkilatının üzvləri, Ankarada yaşayan azərbaycanlılar, yerli ictimaiyyət nümayəndələri qatılıb.

Mehparə SULTANOVA
Ankara