İyulun 22-də Quba rayonunun  Zərdabi qəsəbəsində Azərbaycanda milli mətbuatın banisi Həsən bəy Zərdabinin abidəsinin və onun adını daşıyan parkın yenidənqurmadan sonra açılışı olub. Mərasimdə rayon rəsmiləri, mətbuat nümayəndələri iştirak edib.

Abidənin müəllifi heykəltəraş-rəssam Şıxəli Təhməzovdur.

Həsən bəy Zərdabi 1868-ci ildə Qubada məhkəmə katibi vəzifəsində işləyib. Onun adını daşıyan qəsəbə Qubanın ən böyük yaşayış məntəqələrindəndir.

Üç hektar ərazisi olan parkda sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgahlar, dekorativ yaşıllıqlar, uşaq əyləncə mərkəzi, oyun meydançaları yaradılıb. Parka səki daşları döşənib, idman sahələri salınıb.

Parkın abadlaşdırılması ilə yanaşı, 2 kilometr uzunluğundakı qəsəbədaxili yolun asfaltlanması da həyata keçirilib. Zərdabi qəsəbəsində 850 şagird yerlik yeni məktəb binasının inşasına da başlanılıb. Üçmərtəbəli məktəb binasının tikintisinin növbəti tədris ilinə kimi başa çatdırılması nəzərdə tutulub.