Azərbaycan

25 iyul 1935 – Şair, publisist, Dövlət mükafatı laureatı Məstan Günər (Məstan Rəsul oğlu Əliyev; 1935-2010) Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub. Lirik şeirləri ilə yanaşı, uşaqlar üçün mənzum nağılların da müəllifidir.

25 iyul 1935 – Nasir, ədəbiyyatşünas Vasif Nəsiboğlu (Əfəndiyev; 1935-1997) anadan olub.

 

26 iyul 1915 – Əməkdar artist, teatr rejissoru Əliheydər Əbdüləli oğlu Ələkbərov (1915 – 14.3.1975) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında çalışıb. Azərbaycan Dövlət Teatr İnstitutunda dərs deyib.

26 iyul 1954 – Əməkdar mədəniyyət işçisi Rəhman Ağarəhim oğlu Quliyev (1954-2010) anadan olub. Azərbaycan Dövlət Kukla Teatrının direktoru olub.

26 iyul 1995 – Xalq yazıçısı, ədəbiyyatşünas, publisist, ictimai xadim İsmayıl Şıxlı (22.3.1919 – 1995) vəfat edib. “Dəli Kür”, “Ayrılan yollar”, “Ölən dünyam” və  s. romanların müəllifidir. Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), Milli Məclisin deputatı (1990-1995) olub.

26 iyul 2008 – Xalq rəssamı Nadir Qənbər oğlu Əbdürrəhmanov (5.12.1925 – 2008) vəfat edib. Azərbaycan Rəssamlar İttifaqı İdarə heyətinin sədri olub.

 

27 iyul 1991 – Əməkdar incəsənət xadimi, pianoçu, “Dan ulduzu” instrumental ansamblının yaradıcısı Gülarə Əziz qızı Əliyeva (17.11.1933 – 1991) vəfat edib. “Şüştər” rapsodiyası, “Humayun” süitası, “Bayatı-kürd”, “Şur” fantaziyalarının müəllifidir.

27 iyul 2012 – Əməkdar rəssam, Azərbaycan dekorativ-tətbiqi sənətinin tanınmış nümayəndəsi, professor Zahid İsa oğlu Hüseynov (20.3.1945 – 2012) vəfat edib.

 

28 iyul 1935 – Görkəmli bəstəkar, Xalq artisti, professor Vasif Zülfüqar oğlu Adıgözəlov (1935 – 15.9. 2006) Bakıda doğulub. Oratoriya (“Odlar yurdu”, “Çanaqqala”), opera (“Ölülər”, “Natəvan”), kantata və s. əsərlərin müəllifidir.  Filmlərə musiqi (“Şərikli çörək”, “Həyat bizi sınayır”) yazıb. Azərbaycan Bəstəkarlar İttifaqının sədri (2000-2006) olub.

28 iyul 1937 – Görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Müslüm Məhəmməd oğlu Maqomayev (18.9.1885 – 1937) vəfat edib. Azərbaycan peşəkar musiqili teatrının banilərindən biridir, “Şah İsmayıl” (1916), “Nərgiz” (1935) operalarını yazıb. Azərbaycan Radiosunun Musiqi şöbəsinin rəhbəri olub, “Radio marşı”nı yazıb.

28 iyul 1945 – Ustad aşıq, Əməkdar mədəniyyət işçisi Səyyad Məşədi oğlu Pənahov (1945 – 16.2.2019) Gədəbəy rayonunun Kərimli kəndində anadan olub.

 

29 iyul 1864 – Maarif və mədəniyyət xadimi, teatr təşkilatçısı Həbib bəy Mahmudbəyov  (1864 – 30.7.1928 ) Şamaxıda anadan olub.

29 iyul 1939 – Əməkdar artist, tanınmış vokal ifaçısı (bariton) Əli Həsən oğlu Haqverdiyev (1939 – 14.9.1992) Bakıda doğulub. Opera və Balet Teatrının solisti olub, filmlərdə (“Dədə Qorqud”, “Şir evdən getdi”) çəkilib.

 

Dünya

 

25 iyul 1905 – Yəhudi əsilli Avstriya yazıçısı, kulturoloq, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1981) Elias Kanetti (1905 – 1994) Bolqarıstanın Ruse şəhərində anadan olub. Əsərləri: “Şöhrətpərəstlik komediyası”, “Kütlə və hakimiyyət” və s.

25 iyul 1929 – Rus yazıçısı, rejissor, aktyor Vasili Makaroviç Şukşin (1929 – 2.10.1974) anadan olub. Filmləri: “Belə bir oğlan yaşayır”, “Qəribə adamlar”, “Qırmızı başınağacı” (hər üçündə ssenarist, rejissor, sonuncu filmdə həm də baş rol ifaçısı).

25 iyul 1980 – Məşhur rus bard müğənnisi, şair, bəstəkar, aktyor Vladimir Semyonoviç Vısotski (25.1.1938 – 1980) vəfat edib. “Görüş yerini dəyişmək olmaz” telefilmində oynadığı Qleb Jeqlov roluna görə SSRİ Dövlət mükafatına (1987, ölümündən sonra) layiq görülüb.

 

26 iyul 1856 – İngilis (irland əsilli) yazıçı və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1925) Corc Bernard Şou (George Bernard Shaw; 1856 – 2.11.1950) Dublin şəhərində doğulub. “Kandida”, “Piqmalion”, “Şeytanın şagirdi” və s. pyeslərin, “Artistin məhəbbəti”, “Keşel Bayronun sənəti” romanlarının müəllifidir.

26 iyul 1885 – Fransız yazıçısı, psixoloji və bioqrafik romanların müəllifi Andre Morua (Andre Maurois – əsl adı Emile Salomon Wilhelm Herzog; 1885-1967) anadan olub.

26 iyul 1894 – İngilis yazıçısı Aldos Haksli (Aldous Leonard Huxley, 1894-1963) anadan olub.

26 iyul 1928 – Amerika kinorejissoru Stenli Kubrik (Stanley Kubrick; 1928-1999) anadan olub. Filmləri: “Spartak”, “Lolita” və s.

 

27 iyul 1824 – Fransız yazıçı-dramaturqu Aleksandr (oğul) Düma (Alexandre Dumas; 1824 - 27.11.1895) anadan olub. Əsərləri: “Kameliyalı qadın” (roman və pyes), “Diana de Lis”, “Yarıqaranlıq” (pyes), “Doktor Servan” (povest) və s. “Kameliyalı qadın” əsasında C.Verdi “Traviata” operasını yazıb.

27 iyul 1835 – İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1906) Cozue Karduççi (Giosue Carducci; 1835-1907) anadan olub.

27 iyul 1853 – Rus yazıçısı Vladimir Korolenko (1853-1921) anadan olub. Əsərləri: “Makarın yuxusu”, “Kor musiqiçi”, “Axmaq cəmiyyətdə”, “Qazmada yaşayan uşaqlar” və s.

27 iyul 1915 – İtaliyan opera müğənnisi, məşhur tenor Mario del Monako (Mario del Monaco; 1915-1982) anadan olub.

 

28 iyul 1750 – Böyük alman bəstəkarı Yohann Sebastyan Bax (Johann Sebastian Bach; 31.3.1685 – 1750) vəfat edib. Operadan savayı əksər musiqi janrlarında əsərlər, o cümlədən 200-dən çox kantata, 250-dək orqan musiqisi yazıb.

28 iyul 1812 – Polşa yazıçısı və tarixçisi Yuzef Kraşevski (Jozef İgnacy Kraszewski; 1812-1887) anadan olub. “Sehrli çıraq”, “Qrafinya Kozel”, “Bryul” və s. romanların müəllifidir.

28 iyul 1866 – İngilis yazıçısı və rəssamı Beatriks Potter (Beatrix Potter; 1866-1943) anadan olub. Uşaqlar üçün əsərlərin müəllifidir: “Uxti-Tuxti”, “Dovşan Piter və digər əhvalatlar”.

28 iyul 1887 – Fransız rəssamı və incəsənət nəzəriyyəçisi, dadaizm və sürrealizmin banilərindən Marsel Düşam (Marcel Duchamp; 1887-1968) anadan olub.

 

29 iyul 1805 – Fransız yazıçısı və tarixçisi Aleksis de Tokvil (Charles Alexis Henri Maurice Clerel de Tocqueville; 1805-1859) anadan olub. Əsərləri: “Amerikada demokratiya”, “Köhnə qayda-qanun və inqilab”.

29 iyul 1900 – İsveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1974) Eyvind Gunson (Eyvind Olov Verner Johnson; 1900-1976) anadan olub.

29 iyul 1921 – Fransız rejissoru, dünya sənədli kinosunun tanınmış nümayəndəsi Kris Marker (Christian Bouche-Villeneuve; 1921-2012) anadan olub. Filmləri: “Uçuş zolağı”, “Günəşsiz”, “Dərinlikdə hava qırmızıdır” və s.

Hazırladı:  Vüqar ORXAN