Milli Kitabxana Mədəniyyət Nazirliyi ilə birgə 2019-cu ildən həyata keçirməyə başladığı “Milli musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)” adlı layihə çərçivəsində nəşr etdiyi Azərbaycan bəstəkarlarının not məcmuələrini onlayn “Musiqi kitabxanası” olaraq oxuculara təqdim edib.

Görkəmli Azərbaycan bəstəkarlarının ötən əsrin 50-80-ci illərində çap olunan və hazırda Azərbaycan Milli Kitabxanasının arxiv fondunda mühafizə edilən nadir not məcmuələri yenidən nəşr edilərək mütəxəssislərin, musiqi və incəsənət məktəbləri müəllimlərinin və şagirdlərinin istifadəsinə təqdim edilir.

Bu günədək həmin seriyadan Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Əfrasiyab Bədəlbəyli, Azər Rzayev, Elmira Nəzirova və başqalarının fortepiano üçün not əsərləri ayrı-ayrı məcmuələr şəklində nəşr olunaraq musiqi ictimaiyyətinə təqdim olunub. Hazırda təqdim olunan məcmuələr Milli Kitabxana tərəfindən pandemiya dövründə – belə bir çətin şəraitdə hazırlanaraq çap olunub. Burada Əfrasiyab Bədəlbəyli, Aqşin Əlizadə, Azər Rzayev, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Zakir Bağırov, Asya Sultanova və başqa bəstəkarların fortepiano üçün əsərlərindən ibarət 11 not məcmuəsi yer alıb. 300 nüsxə tirajla çap olunan bu məcmuələrin Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinə və musiqi profilli digər tədris müəssisələrinə, habelə rayon, şəhər mərkəzi kitabxanalarına göndərilməsi təmin olunub, onların tam elektron mətnləri Milli Kitabxananın saytında (anl.az) “Kitabxanamızın nəşrləri” bölməsində və Mədəniyyət Nazirliyinin “Uşaq musiqi və incəsənət məktəblərinin tədris portalı”nda (music.mctgov.az/az) yerləşdirilib.

Milli Kitabxananın respublikamızda və dünyada yaranmış ağır pandemiya şəraitində onlayn xidmətlər platformasında həyata keçirdiyi digər layihələrlə yanaşı, hazırda bu layihə üzrə də işlər davam edir.

“Milli musiqi xəzinəmizdən” layihəsi üzrə pandemiya dövründə nəşr olunan Azərbaycan bəstəkarlarının not məcmuələri ilə aşağıdakı linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/Milli_Musiqi_Xezinemizden/index.htm