Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet truppasının quruluşçu baletmeysteri, Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir.

Teatrın mətbuat xidmətindən bildirilib ki, Emin Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə yaradılan virtual rəqs qruplarında milli və dünya xalqlarının rəqsləri öyrənilir. Onlayn kurslara fərdi və qrup şəklində qatılmaq mümkündür.

Qeyd edək ki, Emin Əliyev Bakı Xoreoqrafiya Akademiyasının məzunudur. 1996-cı ildən 2015-ci ilə qədər Azərbaycan Dövlət Rəqs Ansamblının solisti olub. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet truppasının quruluşçu baletmeysteri kimi bir sıra layihələrdə iştirak edib, Niyazinin “Rast” simfonik muğamı və “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında “Dəryadan damla” balet-tamaşalarına quruluş verib.