Yay fəslinin “qorabişirən” vədəsindəyik. Normal şərtlərdə yerli və xarici turistlər ölkəmizin gəzməli-görməli yerlərini, eyni zamanda muzey və qalereyalarını, tarix-mədəniyyət qoruqlarını ziyarət etməli idilər. Lakin koronavirus pandemiyası hələlik imkanların üstündən xətt çəkib.

Sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlarda, digər kütləvi nümayiş məkanları kimi, muzeylərin də qapıları bağlıdır. Ancaq muzeylər ziyarətçilərin gəlişini çox gözləmədilər, pandemiya başlayandan özləri maraqlı virtual təqdimatlarla insanların evlərinə getdilər, onların muzey fondlarının zənginlikləri ilə qiyabi tanışlığına çalışdılar.

 

Tünd rənglər, sərt cizgilər

 

Azərbaycan Milli İncəsənət Muzeyi bir-birindən maraqlı məlumat və təqdimatları sosial şəbəkədəki hesablarından ziyarətçilərə təqdim edir. Muzey növbəti təqdimatını mərhum fırça ustası, Xalq rəssamı Nadir Qasımovun (1928-2000) yaradıcılığına həsr edib. Təqdimatda rəssamın həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Bildirilir ki, bəzən tufanlı, bəzən də həzin mehli Xəzəri, dənizi ram edən neftçiləri, Azərbaycan təbiətinin ecazkarlığını, elm, sənət adamlarını və qadın gözəlliyini tərənnüm edən rəssamın yaradıcılığı 1950-ci illərin sonlarında formalaşan “sərt üslub” və “sərt realizm” cərəyanına yaxındır. Bu sənət axınının digər nümayəndələri kimi, onun tablolarının da əsas ifadə vasitələri tünd rənglər, sərt cizgilərdir.

N.Qasımovun adı sənətsevərlərin yaddaşına ilk növbədə dəniz mövzusuna dərin sədaqəti ilə daxil olub. Müxtəlif mövzu və janrlarda əsərlər yaratmış sənətkar günəşin yandırdığı və neft hopmuş Abşeron torpağı və Xəzər dənizinin nəğməkarı idi. Abşeron torpağı müəllifin tablolarında öz təbiiliyi ilə canlanıb. Bakıda yaşayıb-yaradan rəssam şəhərin gündəlik ritmini hiss edir, Abşeronun qeyri-adi iqlimində yüksək romantikanı duyur, qoca Xəzərin insan tərəfindən ram edilməsini görür və yaradıcılığında özünəməxsus şəkildə tərənnüm edirdi.

O, təkcə doğma Xəzəri, Abşeron torpağını vəsf etmir, tez-tez Azərbaycan rayonlarının da qonağı olur, vətən təbiətindən sonsuz ilham alırdı. Azərbaycan təbiətinin gözəlliklərini tərənnüm edən əsərlərində insan özünü təsvir olunan həmin mühitdə və həmin ab-havada hiss edə bilir. Yarım əsrdən artıq yaradıcılıq yolu keçmiş rəssamın molbertində qalan sonuncu tablosu da məhz mənzərədir...

 

Əli bəy Hüseynzadə fırçasının sehri

 

Muzey həmçinin böyük mütəfəkkir Əli bəy Hüseynzadənin (Əli Hüseyn Turan; 1864-1940) Azərbaycan təsviri sənətinə töhfələri ilə bağlı təqdimat edib. XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən olan Ə.Hüseynzadə həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist olaraq tanınıb. Təqdimatda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarı ilə Ə.Hüseynzadə əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib. Sənətkar yaradıcılığı boyu müxtəlif janrlara müraciət edərək yaddaqalan əsərlər yaradıb. Onlardan “Atatürkün portreti” , “Şeyx Şamilin portreti”, “Oğlum Məhəmmədsəlimin portreti”, “Mənzərə ilə natürmort”, “Qadın portreti”, “Əylənən uşaqlar”, “Çeşmə başında”, “Qızım Saidanın portreti”, “Topqapı sarayı”, “Qızılgül və bülbül”, “İstanbulda azərbaycanlı xalça taciri Hacıbaba Məmmədzadənin portreti”, “Bəkirağa bölüyündə”, “Şah Abbas Səfəvinin portreti” və s. əsərləri bədii tutumunun kamilliyinə görə diqqət çəkir. 2017-ci ildə Əli bəyin arxivi qızı – mərhum Feyzavər Alpsar tərəfindən Azərbaycan İstiqlal Muzeyinə hədiyyə edilib. Bu qiymətli nümunələr arasında 37 təsviri sənət əsəri, 48 fotoşəkil, 53 şəxsi əşya, 22 orden, medal və nişan, eləcə də ipək üzərində çap olunmuş “Həyat” qəzeti var.

 

Yüksək dekorativ ifadəlilik...

 

Milli İncəsənət Muzeyinin daha bir virtual təqdimatı Xalq rəssamı Asəf Cəfərovun (1927-2000) sənət yolu barədədir. İçərişəhərdə dünyaya gələn Asəf Cəfərov üçün hələ kiçik yaşlarından qədim dolanbac küçələrin sirli döngələri, tarixi, sənətə gedən yolun başlanğıcını qoymuşdu. O, Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra Moskvada B.İ.Surikov adına Rəssamlıq İnstitutunda təhsil almışdı.

Rəssam üçün mövzu məhdudiyyəti yoxdur. Məişət, əmək motivləri, təbiət mənzərələri, onun fırçasında fərqli ovqatlarla təsvir olunur. Bütün yaradıcılığı boyu axtarışda olan rəssamın əsərlərində düşünən və tamaşaçıları da düşünməyə vadar edən həyat motivlərinə rast gəlirik. Sənətkarın təsvir etdiyi hər bir təbiət mənzərəsi kompozisiya cəhətdən zərif koloritli ahənglərlə zəngindir.

A.Cəfərov boyakarlığın ifadə vasitələrindən, xüsusilə də kolorist imkanlardan məharətlə istifadə edib, əsərlərində çox yüksək dekorativ ifadəliliyə nail olub. Onun fırçasından çıxan “Mənim Azərbaycanım”, “Oğullar”, “Xoruz döyüşü” süjetli tabloları, “Vaqif Mustafazadə”, “Rəşid Behbudov”, “Əliağa Vahid” portretləri, “Bakıda qış”, “Axşamçağı”, “Xınalıq” mənzərələri və “Akvarium”, “Yasəmən” natürmortları tamaşaçıda dərin maraq yaradır. Rəssamın yaradıcılığında milli çalarlar, folklorla bağlı mövzular üstünlük təşkil edir. 

Hazırladı: LALƏ