Afaq Məsud: “Mövcud orfoqrafiya qaydalarının ciddi redaktəyə və düzəlişlərə ehtiyacı var”

1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Bu günün tarixi 2001-ci il avqustun 1-də, Prezident Heydər Əliyevin müvafiq fərmanına əsasən, ölkəmizdə latın qrafikalı Azərbaycan əlifbasına keçidin başa çatması ilə bağlıdır.

Əlamətdar günün təsis edilməsi, dil və əlifba tariximizdə yeni səhifə olmaqla yanaşı, dövlətin bu zəngin milli sərvətə diqqət və qayğısının göstəricisidir. Bu sahədə dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkə başçısının 2013-cü il 9 aprel tarixli sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramının əsas vəzifələrindən biri də dilin inkişafını və ədəbi dil normalarının qorunmasını təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi, lüğət tərkibinin və qrammatik normaların sistemləşdirilməsidir. 

Azərbaycan dilinin təxminən 90 illik lüğətçilik tarixi var. Bu müddətdə bir neçə dəfə orfoqrafiya lüğəti tərtib və nəşr edilsə də, istər lüğət tərkibi, istərsə də orfoqrafiya qaydaları ilə bağlı dilçi mütəxəssislər arasında ortaq mövqe əldə edilməyib. Xüsusilə 2013-cü ildə AMEA Dilçilik İnstitutunun nəşr etdirdiyi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (6-cı nəşr) bu yöndə müzakirə və mübahisələrə yeni meydan açdı. İnstitut tərəfindən lüğətin yeni (təkmil) nəşri hazırlansa da, hələlik işıq üzü görməyib. Bu yaxınlarda isə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin hazırladığı “Azərbaycan dilinin orfoqrafiya lüğəti” çapdan çıxıb.

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud yeni lüğətin hansı zərurətdən yaranması barədə AZƏRTAC-a müsahibəsində danışıb.

– Bu zərurət Dövlət Tərcümə Mərkəzinin qarşısına qoyulmuş vəzifələrin icrası zəminində yarandı. 2015-ci ildən başlayaraq dövlət qurumlarının saytlarında, təşkilatlararası yazışmalarda, dil və tədris vəsaitlərində, KİV, bədii nəşrlər, dublyaj, eləcə də digər aidiyyətli sahələr üzrə aparılan yoxlamalarda aşkarlanan xətaların, dil və tərcümə qurumlarının eyni bir mənbədən – əslində, başlıca funksiyası sözlərin vahid düzgün yazılış qaydasını bildirməli olan orfoqrafiya lüğətindən qaynaqlandığını üzə çıxardı və təbii ki, bu zaman ilkin mənbənin özünün araşdırılması tələbi gündəmə gəldi. İşə başlanılarkən isə vəziyyətin göründüyündən daha ağır olduğunun, məsələnin hər hansı nöqsan, ya çatışmazlığın aradan qaldırılmasıyla həll edilə bilməyəcəyinin acı həqiqəti ilə üz-üzə qaldıq. Qısaca desəm, Azərbaycan dilinin söz ehtiyatını, düzgün yazılış qaydalarını müəyyən edən mənbənin bu halda olduğu təqdirdə dilimizin saflığının qorunması, düzgün istifadəsi uğrunda çəkilən bütün zəhmətin, həyata keçirilən genişmiqyaslı təkmilləşdirici tədbirlərin, “nəticə” ilə mübarizə olduğunu anladıq. Lüğətin yenidən tərtib edilməsi məsələsi də beləcə gündəmə gəldi.

 

– Yeni orfoqrafiya lüğəti əvvəlki lüğətlərdən nə ilə fərqlənir?

– İlk növbədə, orfoqrafiya lüğəti formatının tələblərinə cavab verməsi ilə. Yəni Azərbaycan dilinin söz ehtiyatının malik və layiq olduğu həqiqi mənzərəsini əks etdirməsi, sözləri vahid düzgün yazılış qaydasında təqdim etməsi ilə. Eləcə də əvvəlki lüğətlərdə yazılışı səhv, yaxud iki, bəzən üç variantda verilmiş minlərlə söz və terminlərdən, söz anlayışına sığmayan lüzumsuz səs təqlidlərindən, bir neçə sözdən düzəldilmiş, yaxud müxtəlif şəkilçilər artırılaraq eybəcər hallara salınmış minlərlə söz quramalarından təmizlənərək əvvəlki lüğətlərdə yer almamış 9 mindən çox Azərbaycan sözü müasir həyatımızda işləklik qazanmış terminlərlə təkmilləşdirilməsi və digər bu kimi məsələlərlə.

 

– Hər dəfə orfoqrafiya lüğətləri çap olunarkən bir çox mübahisəli məsələlər yaranır. Xüsusən dilçi alimlər lüğətdə yer alan bu və ya digər qayda və sözlərlə bağlı iradlarını bildirirlər. Mərkəz yeni lüğət hazırlayarkən bu problemləri nəzərə alıbmı?

– Əslində, orfoqrafiya lüğətinin istifadəçisini qaydalar yox, düzgün yazılış qaydasını bilmək üçün axtardığı sözün özü maraqlandırır. Qaydalara gəlincə, indiki vəziyyətdə bu sənədin özünün də ciddi redaktəyə və düzəlişlərə ehtiyacı var. Bu haqda uzun-uzadı danışmaq istəmirəm. Mərkəz də məsələni uzatmamaq, fərdi istifadəçiləri və qurumları mümkün qədər tez bir zamanda təkmil orfoqrafiya vəsaiti ilə təmin etmək məqsədilə bütün gücünü yeni lüğətin tərtibinə sərf etdi və təbii ki, iş prosesində mövcud qaydalar da nəzərə alındı.

 

– Azərbaycan dilinin 90 illik lüğətçilik tarixi ərzində altı orfoqrafiya lüğəti çap olunub. Hətta son lüğətdə 110 min söz yer alıb. Mərkəzin tərtib etdiyi lüğətdə isə 65 min söz toplanıb. Bu nə ilə bağlıdır?

– Söz ehtiyatının kəmiyyət göstəricisi ilə bağlı dəfələrlə müsahibələrimdə qeyd etmişəm. Dünya dilçiliyi tarixində hər hansı dilin söz ehtiyatının kəmiyyəti, nə onun özəlliyini, nə qədimliyini, nə zənginliyini, yaxud mükəmməlliyini müəyyən etməyib və etmir. Burada başlıca məsələ – dilin söz ehtiyatının, daşıyıcısı olduğu xalqın, millətin mentallığını, adət-ənənəsini, tarixini, məişətini, bir sözlə, dildən istifadə arealının və imkanlarının düzgün və layiqli şəkildə əks etdirilməsi, sözlərin vahid düzgün yazılış qaydasında təqdim olunmasıdır. Son orfoqrafiya lüğətləri üzrə nəşrdən-nəşrə yüksələn həmin o statistikaya gəlincə, aparılan təhlil və araşdırmalar bu süni söz artımının uzun illərlə “söz ehtiyatımızı zənginləşdirək” devizi altında həyata keçirilmiş hədsiz zərərli, dilin deqradəsinə, milli mentallığın aşağılanmasına yönələn dağıdıcı proses olduğunu müəyyən etdi. Düşünürəm, məsələnin bu tərəfi də dərindən və müfəssəl araşdırılmalıdır. Axı söhbət hər hansı bədii və ya elmi əsərdən, yaxud xarici dil lüğətindən yox, milli gerbimiz, bayrağımız dəyərində dövlət atributumuz, Azərbaycan dilinin Ana Yasası olan kitabdan gedir. Bayrağımızın, gerbimizin şərəf və ləyaqətini qoruduğumuz kimi, dilimizin də şərəfini, ləyaqətini qorumaq hər bir azərbaycanlının müqəddəs borcudur. Bu gün Azərbaycan dünyanın aparıcı ölkələri sırasında hər sahədə beynəlxalq aləmlə sıx əlaqələr qurur və təbii ki, Azərbaycan dili də rəsmi və qeyri-rəsmi ünsiyyət vasitəsi kimi gün-gündən dünya müstəvisinə yol açır, tərcümə vasitəsilə digər dillərlə əlaqəyə girir, aktuallaşır, öyrənilməyə, tədqiq və tədris olunmağa başlayır. Hər bir xalqın dili, onun milli-mənəvi sərvəti olmaqla yanaşı, dövlət atributudur. Hazırda sözügedən bu artım statistikasının, yəni lüğətdən çıxarılan sözlərin dəqiq mənzərəsini əks etdirən təsnifatı nəşrə hazırlayırıq. 50 000-dən çox sözü əhatə edən bu tarixi sənəd kitab formatında nəşr ediləcək və araşdırılması üçün Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasına təqdim ediləcək.