Son zamanlar dünyanın bir çox ölkəsində Azərbaycan diaspor hərəkatının canlanmasına şahidlik edirik. Müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz ölkəmizin təbliğində fəal mövqe nümayiş etdirməkdədirlər. Bu müstəvidə xarici ölkələrdə pedaqoji fəaliyyət göstərən, o cümlədən bədii təhsil, musiqi tədrisi sahəsində çalışan soydaşlarımızın da rolu qeyd olunmalıdır.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkil etdiyi “Bədii təhsildə kadr miqrasiyası: mülahizələr və perspektivlər” adlı vebinarda bu barədə də söhbət açılıb. Vebinarda müxtəlif ölkələrdə bədii təhsilə cəlb olunmuş azərbaycanlı mütəxəssislər peşəkar fikir mübadiləsi aparıblar.

Dünyada cərəyan edən qlobal çağırışlar şəraitində hər bir ölkə davamlı inkişafın təmin edilməsi üçün müvafiq siyasət həyata keçirir. Bu xüsusda konkret sahələr üzrə peşəkarların yetişdirilməsi məsələsi müstəsna əhəmiyyətə malikdir. Vebinarda ölkəmizdə uşaq musiqi məktəblərinin inkişafına xidmət edə biləcək perspektiv layihələrdən bəhs olunub.

Fikir mübadiləsində iştirak edən pianoçu, bəstəkar, vokalçı Elcan Rzayev, vokalçı, bəstəkar, estrada ifaçısı Firəngiz Bağırova (Niderland), kamança və skripka ifaçısı Rasim Fərziyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, pianoçu Səadət Fərziyeva, tarzən Rafiq Rüstəmov (Böyük Britaniya), skripka ifaçısı Oqtay Zeynalov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Detmold Konservatoriyasının dosenti, bəstəkar, musiqişünas, pianoçu Xədicə Zeynalova (Almaniya), dirijor, pianoçu, bəstəkar Turan Manafzadə (Türkiyə), vokalçı Yusif Savalan (Kanada), skripka ifaçısı Elvina Qurbanova (ABŞ), pianoçu, bəstəkar, dirijor Abuzər Manafzadə (Avstriya), pianoçu Sandi Alem Anvar (Misir), sənətşünaslıq üzrə fəlsəfə doktoru, pianoçu Vüsalə Yusif (Oman), bəstəkar İsmayıl Hacıyev (Kanada), bəstəkar, pianoçu, Prezident təqaüdçüsü Pikə Axundova mövzu ilə əlaqədar mülahizə və təkliflərini səsləndiriblər.

Tədbirin moderatoru – MEMİM-in sektor müdiri Nadir Məmmədov eyni zamanda Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin rəhbərlərini tədbir iştirakçılarına təqdim edərək aparılan müzakirələr çərçivəsində onların da fikirlərini öyrənib. Çıxış edənlər həm Azərbaycandakı bədii təhsil məktəblərində təlim-tədris prosesinin üstünlükləri və çatışmazlıqları, həmçinin digər dövlətlərdəki musiqi təhsilinin hansı səviyyədə olması və Azərbaycanda bədii təhsil ocaqlarında tətbiq edilə biləcək  yeniliklər barədə danışıblar.

Vebinarın sonunda MEMİM-in direktoru Asif Usubəliyev mövcud formatda tədbirin ilk dəfə təşkil olduğunu bildirərək dünyanın 10 ölkəsindən azərbaycanlıların bir araya toplanması faktını əlamətdar hal kimi qiymətləndirib. O, bədii təhsil sisteminin ilk pilləsini təşkil edən uşaq musiqi və incəsənət məktəblərində,  uzun illər ərzində qazanılmış uğurlu ənənələrin qorunması ilə yanaşı, tədrisin təşkili və məktəblərin idarə olunması kimi proseslərin təkmilləşdirilməsinə ehtiyac olduğunu qeyd edib. Bildirib ki, bu istiqamətdə, habelə Azərbaycan musiqisinin sistemli təbliği işlərində mövcud potensialların səfərbər olunmasına ehtiyac var.