Azərbaycan aşıq sənətinə ağır itki üz vermişdir. Ustad aşıq, Prezident təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi Mahmud Qasım oğlu Məmmədov vəfat etmişdir.

Mahmud Məmmədov 1935-ci ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olmuşdur.  1948-ci ildə ailəsi ilə birgə Tovuz rayonuna köçmüşdür. Ustad aşıq İmran Həsənov 1950-ci ildə onun zil səsini, saza  həvəsini nəzərə alıb yanına şagird götürmüşdür. O, Tovuzda aşıq sənətinin sirlərini ustadın yanında mənimsəmiş, bir sənətkar kimi formalaşmışdır. Ayrı-ayrı bölgələrdə məclislər aparmış, istedadlı aşıq kimi tanınmışdır. Rayon və respublika səviyyəli tədbirlərdə iştirak etmiş, müxtəlif müsabiqə və festivalların qalibi olmuşdur.

Aşıq Mahmud dövlət tədbirlərində, xarici ölkələrdə keçirilən incəsənət görüşlərində fəal iştirak etmiş, ifaçılığına görə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunmuşdur (1975). Aşıqların III, IV, V və VI qurultaylarının iştirakçısı olmuşdur. Onun söylədiyi “Koroğlu” və “Abbas və Gülgəz” dastanları Azərbaycan Televiziyasının “qızıl fondu”nda saxlanılır.

Mahmud Məmmədov 2007-ci ildən Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü olmuşdur. Beş şeir kitabı nəşr olunmuşdur. Söylədiyi on bir dastan AMEA Folklor İnstitutunun nəşr etdiyi folklor antologiyalarında yer almışdır. Yeddi şagird yetişdirmişdir. Zəngin musiqi və söz repertuarı ilə seçilmişdir. Koroğlu havalarının ustad bilicisi və mahir ifaçısı  sayılırdı. Dəfələrlə beynəlxalq folklor və aşıq festivallarının  laureatı olmuşdur (1959, 1978, 2010, 2014). Fransa, Avstriya, Rusiya, Türkiyə, İran və başqa ölkələrdə qastrol səfərlərində olmuş və Azərbaycan aşıq sənətini ləyaqətlə təmsil etmişdir. 2008-ci ildən Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü idi.  Anadan olmasının 70,  75 və 80 illiyi təntənəli şəkildə qeyd edilmişdir.

Görkəmli sənətkar, ustad aşıq Mahmud Məmmədovun əziz xatirəsi sənətsevərlərin qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin. Ruhu şad olsun.

Azərbaycan Aşıqlar Birliyi