Balakəndə Uşaq incəsənət məktəbi üçün müasir memarlıq üslubunda yeni bina inşa edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qobustan, İsmayıllı və Balakən rayonlarına səfər edib. Dövlət başçısı hər üç rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, bir sıra infrastruktur və təsərrüfat layihələrinin icrası ilə tanış olub, təməlqoyma və açılış mərasimlərində iştirak edib.

Prezidentin iştirakı ilə açılışı keçirilən obyektlərdən biri də Balakən şəhərindəki Uşaq incəsənət məktəbinin yeni binasıdır. Müasir memarlıq üslubunda inşa edilən üçmərtəbəli binada musiqi, təsviri sənət və incəsənətin digər növlərinin yüksək səviyyədə tədrisi üçün hər cür şərait yaradılıb. 320 şagird yerlik məktəb binasında geniş akt-tamaşa zalı, sərgi salonu da var.

Dövlətimizin başçısına binada yaradılan şərait barədə məlumat verilib.

 

Koronavirusla mübarizə üçün daha iki modul tipli xəstəxana

 

Məlum olduğu kimi, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, pandemiyanın qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə önləyici kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanılıb.

İyulun 29-da Qobustanda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışı olub. Dövlətimizin başçısına modul tipli xəstəxanada yaradılan şərait barədə məlumat verilib.

Bildirilib ki, üç korpusdan ibarət, 100 palatası və 200 çarpayı yeri olan bu xəstəxana kompleksi mərkəzləşdirilmiş oksigen generator sistemi ilə, həmçinin mərkəzləşdirilmiş havalandırma sistemi ilə təchiz olunub. Burada orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün zəruri şərait yaradılıb. Ağır simptomları olan xəstələrin qəbulu üçün əlavə avadanlıqlarla təchiz edilməklə müvafiq təkmilləşdirilmə işləri görülür.

Bu korpus zərurət olmadıqda – yəni, pandemiya ilə mübarizə başa çatdıqdan sonra asanlıqla digər sahələrə köçürülə və başqa məqsədlər üçün – məsələn, hərbi hissələr, sərhəd xidməti, tədris və ya fövqəladə hallar, yataq, məişət xidməti və sair üçün istifadə edilə bilər.

İyulun 29-da İsmayıllıda da koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışı olub. Bu xəstəxana kompleksində də 100 palata və 200 çarpayı yeri var.

Xatırladaq ki, bundan öncə mayın 7-də Bakıda 1 saylı Kliniki Tibbi Mərkəzdə ilk, iyunun 9-da Bilgəh qəsəbəsində 28 saylı Birləşmiş Şəhər Xəstəxanasının, 1 saylı Sumqayıt Şəhər Xəstəxanasının və Abşeron rayonunun Saray qəsəbə xəstəxanasının, iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusları, iyulun 6-da Xətai rayonunda modul tipli hospital istifadəyə verilib. Növbəti iki modul tipli infeksion xəstəliklər korpusu Qobustan və İsmayıllı rayonlarında quraşdırılıb. Bu komplekslər rayon mərkəzi xəstəxanalarına təhkim olunur ki, bu da koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi koordinasiyanı təmin edir.

 

Yeniləşən yol infrastrukturu

 

İyulun 29-da İsmayıllı rayonunun Muğanlı-İsmayıllı (30 km)-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolu (8 km) yenidənqurmadan sonra istifadəyə verilib.

Prezident Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması layihəsi ilə də tanış olub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov layihə üzrə görüləcək işlər barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin bundan əvvəlki səfəri zamanı verdiyi tapşırığa əsasən layihələndirilib. Ümumi uzunluğu 85,6 kilometr olan bu yol yenidənqurma nəticəsində 9 kilometr qısalacaq. Yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq. Ağsuçay çayı üzərində uzunluğu 634 metr olan yeni körpü tikiləcək.

 

“DOST Evi” və “ASAN Xidmət” mərkəzləri

 

Həmin gün dövlət başçısı İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına mərkəz barədə məlumat verib. Bildirib ki, rayon əhalisinin böyük əksəriyyəti bölgə üçün ənənəvi olan kənd təsərrüfatı, eləcə də xalçaçılıq, toxuculuq, misgərlik, kəlağayı istehsalı və sair qədim sənətkarlıq növləri üzrə istehsal sahələrində çalışır. Eyni zamanda rayonda işsiz və işaxtaranlar fəal məşğulluq proqramlarına cəlb olunurlar.

Qeyd olunub ki, son 3 ildə İsmayıllıda 260 nəfər özünüməşğulluq proqramına cəlb edilərək proqram əsasında verilmiş mal və materiallar hesabına kiçik ailə müəssisələrini yaradıb. Bu il isə rayonda daha 126 ailənin bu proqram çərçivəsində kiçik təsərrüfatlarını yaratması üçün işlər aparılır. Tikiləcək “DOST Evi” əhalinin məşğulluğunun təmin edilməsində əhəmiyyətli rol oynayacaq.

Səfər zamanı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonda görülən abadlıq işləri, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verib. Bildirib ki, İvanovka kəndində böyük karamel fabriki və un məmulatları fabriki yaradılıb. Fabrikdə 200-dən çox insan işləyəcək. Bundan başqa, rayonda “Coca-Cola” və “Efes” zavodlarının tikintisi üçün investorlarla ilkin danışıqlar aparılıb. Pandemiyadan sonra layihənin reallaşmasına başlanılacaq.

***

Prezident İlham Əliyev iyulun 29-da Balakən rayonuna səfəri zamanı Balakən regional “ASAN Xidmət” mərkəzinin açılışında iştirak edib.

Həmçinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib.

Prezident yenidən qurulan Balakən-Qazbinə-İtitala avtomobil yolunun açılışında iştirak edib, Balakən rayonunda “Bal meyvə” bağçılıq təsərrüfatı ilə də tanış olub.

Prezident İlham Əliyev iyulun 29-da Şəki və Qəbələ rayonlarında da səfərdə olub.