İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO iyulun 27-də “Su təhlükəsizliyinin İslam dünyasında sülh və inkişafın təmin edilməsində rolu” mövzusunda virtual forum keçirib. Tədbirin keçirilməsi gələn il Seneqalın paytaxtı Dakarda təşkil ediləcək Dünya Su Forumuna hazırlıq məqsədi daşıyıb.

İCESCO-nun Baş direktoru Salim Əl-Malik çıxışında qeyd edib ki, iqlim dəyişmələri və quraqlığın artdığı bir dövrdə su ehtiyatlarından səmərəli istifadə mühüm vəzifə kimi qarşıya çıxıb. O əlavə edib ki, su təhlükəsizliyi bəşəriyyətin gələcəyi, habelə sosial-iqtisadi inkişaf, enerji və qida təminatı baxımından həyati əhəmiyyətə malikdir.

Foruma sədrlik edən Qvineyanın sabiq hökumət başçısı Kabine Komara, Dünya Su Şurasının prezidenti Loik Foçon, Seneqalın Su və Sanitariya naziri Serigne Ziyam, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri qeyd ediblər ki, hər il dünyada 300 mindən çox beş yaşına qədər uşaq içməli su çatışmazlığı və gigiyena şəraitinin olmaması səbəbindən həyatını itirir. Bundan başqa, insanların 2 milyarda yaxını içməli su çatışmazlığı problemi ilə üz-üzədir.

Tədbirdə İslam ölkələrində su təhlükəsizliyi ilə əlaqədar vəziyyət müzakirə olunub, su ehtiyatları, onlardan səmərəli istifadə və bu sahədə əməkdaşlığa dair hesabatlar təqdim edilib. Forum çərçivəsində İCESCO və Dakar Dünya Su Forumunun baş katibliyi arasında əməkdaşlığa dair sənəd də imzalanıb.