Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin Şərq dilləri kafedrasında Azərbaycan dili üzrə mütəxəssis yetişdirilir. Universitetin Elmi şurasının aldığı qərara əsasən, magistratura mərhələsində təhsilini davam etdirən tələbə Zeynəb Əlinin elmi işi Azərbaycanın Xalq yazıçısı İsmayıl Şıxlının “Ayrılan yollar” romanı olacaq.

Qahirə Universitetinin professoru, “Vətənpərvər” Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bildirib ki, fakültədə 2017-ci ildən bəri Azərbaycan dili tədris edilir. Bu müddət ərzində 500-dən çox tələbəyə Azərbaycan dili ilə yanaşı, ölkəmizin tarixi, mədəniyyəti ilə bağlı geniş məlumatlar verilib.

“Misirlilərin dilimizə marağı gündən-günə artır. Hədəfimiz onların arasında Azərbaycan dilini bilənlərin sayını çoxaltmaq və ölkəmizə yeni dostlar qazandırmaqdır”, - deyə S.Nəsirov vurğulayıb.

Qeyd edək ki, Qahirə Universitetində Azərbaycan dilini öyrənən tələbələrdən bir qrupu diaspor mərkəzində təhsilini davam etdirir. Onların arasında Azərbaycan dilindən ərəb dilinə məqalələr tərcümə etmək səviyyəsində olanlar da var.