Azərbaycan yazıçısı Kamran Nəzirli ”London Ədəbi Mükafatı”nın nominantları sırasına daxil olub. Sertifikat və vəsiqəni, habelə nominant diplomunu Beynəlxalq Yazıçılar İttifaqının sədri Aleksandr Qriçenko və Elmi-Fantastik Ədəbiyyat və Kino Xadimləri İttifaqının sədri Oleq Kolesnikov imzalayıblar.

Bundan başqa, Azərbaycan yazıçısı Beynəlxalq Yazıçılar Təşkilatına üzv qəbul olunub. Qeyd edək ki, təşkilatın müxtəlif ölkələrdən 300-dək üzvü var.

1954-cü ildə yaradılan Beynəlxalq Yazıçılar İttifaqı dünyanın peşəkar yazarlarının ən iri təşkilatlarından biridir. 2010-cu ilə qədər təşkilatın qərargahı Parisdə yerləşib, hazırda isə əsas bölməsi Moskva şəhərində fəaliyyət göstərir. Təşkilat 40 ölkədən yazıçı ittifaqlarını özündə birləşdirir, yazıçı və jurnalistlərin sosial və peşə hüquqlarını müdafiə edir. Beynəlxalq təşkilatın prezidenti ABŞ yazıçısı Maykl Svanvikdir (Michael Swanwick).

Qeyd edək ki, yazıçı, tərcüməçi Kamran Nəzirli Azərbaycan və Belarus Yazıçılar ittifaqlarının üzvüdür. “Komada olan adam”, “Şeytan işığı”, “Dördüncü möhür”, “Doğmalar arasında”, “Ağ ev”, “Babalar nağıl danışmırlar”, “Cəmiyyət siyasətin güzgüsüdür” və s. povest, roman, hekayə və publisistik kitabların müəllifidir. Herman Melvilin “Mobi Dik” romanının Azərbaycan dilinə tərcüməsinə görə o, ABŞ səfirliyinin xüsusi mükafatına layiq görülüb. Yazıçının əsərləri, o cümlədən Qarabağ mövzusuna dair “Qoca uşaq” hekayəsi gələn il Moskvada rus, ingilis və fransız dillərində nəşr olunacaq antologiyaya daxil edilib.