Qəbələ şəhərinin mərkəzi küçələrindən birinə şəhid general-mayor Polad Həşimovun adı verilib. Qəbələ şəhərindəki Şəhidlər xiyabanının qarşısından keçən küçədə abadlıq işləri görülüb, səliqə-sahman yaradılıb, yeni ünvan lövhələri qoyulub.

Qeyd edək ki, Qəbələnin Vəndam qəsəbəsində anadan olan general-mayor Polad Həşimov iyulun 13-dən 14-nə keçən gecə Ermənistan ordusu tərəfindən Azərbaycanın Tovuz rayonunda törədilən təxribat nəticəsində şəhid olub.

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə şəhid general Polad Həşimovun adının Həzi Aslanov küçəsinə verilməsi ilə bağlı əsassız məlumatlar yayılıb. Qəbələ Rayon İcra Hakimiyyətindən bildirilib ki, Polad Həşimov küçəsi başlanğıc nöqtəsi Həzi Aslanov küçəsi ilə kəsişmədən başlayaraq son nöqtəsi Arif Haqverdiyev küçəsi ilə kəsişməyədək davam edir. Həzi Aslanov küçəsinin adı isə dəyişdirilməyib. Bu küçənin başlanğıc nöqtəsi Heydər Əliyev prospekti ilə kəsişmədən başlayaraq son nöqtəsi 1941-1945-ci illər Böyük Vətən müharibəsində həlak olmuş şəxslərin xatirəsinə ucaldılmış abidə kompleksinədək uzanır.